Ermənistan KİV-i: Parlament sədri vəzifəsinə üç namizəd irəli sürülüb

2026/06/1781932053.jpg
Oxunub: 207     09:05     20 İyun 2026    
“Yeni parlament hələ tam formalaşmasa da, “Vətəndaş Müqaviləsi” partiyasında artıq parlament sədrinin kim olacağı ilə bağlı müzakirələr başlayıb. Partiya daxilində vəzifə uğrunda üç namizədin adı çəkilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, əvvəlki dəfə olduğu kimi, parlament sədri ilə bağlı yekun qərar əvvəlcə “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətində veriləcək, daha sonra parlament fraksiyasına təqdim olunacaq.

“Müraciət və namizədliklərin irəli sürülməsi mərhələsi artıq başlayıb. Hazırkı məlumata görə, üç namizəd irəli sürülüb: Alen Simonyan, Ruben Rubinyan və Hayk Koncoryan”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, seçkiqabağı dövrdə Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsun namizədliyi də müzakirə edilsə də, sonradan bu məsələ gündəmdən çıxıb.

“Lilit Makuntsun namizədliyi də müəyyən dövrdə nəzərdən keçirilirdi. Lakin o, öz namizədliyini irəli sürməyib və heç kim tərəfindən də namizəd göstərilməyib.

“Vətəndaş Müqaviləsi” partiyasında hesab edirlər ki, Paşinyanın seçkiqabağı ritorikasını və yeni parlamentin tərkibini nəzərə aldıqda, Makuntsun namizədliyi aktuallığını itirib. Partiya daxilində belə düşünürlər ki, onun mülayim, korrekt və siyasi baxımdan kifayət qədər sərtləşməmiş üslubu bu vəzifənin tələblərinə uyğun deyil”, - deyə məqalədə vurğulanıb.

Nəşrin məlumatına görə, idarə heyəti seçim zamanı məhz qeyd olunan üç namizəd arasında qərar verəcək.

“Mənbələrimiz bildirirlər ki, Alen Simonyan Nikol Paşinyanın bu vəzifədə məhz onu görmək istədiyinə əmindir. O, bu barədə yaxın ətrafında da danışır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament   Sədr  


Bizi "telegram"da izləyin