İtaliya Ukrayna üçün maliyyə ayırmayacaq

2026/06/Ekran-1781946642.jpg
Oxunub: 224     13:08     20 İyun 2026    
İtaliya Ukraynaya təhvil veriləcək ABŞ silahlarının alınmasının maliyyələşdirilməsində iştirak etməyəcəyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto parlamentdə çıxışı zamanı məlumat verib.

Krosetto bildirib ki, İtaliya NATO-nun Ukraynanın Prioritet Ehtiyacları Siyahısı (PURL) proqramına qoşulmamaq qərarını verib. Həmin proqram çərçivəsində müttəfiq ölkələr sonradan Ukraynaya veriləcək ABŞ silahlarının satın alınmasını maliyyələşdirirlər.

“Əvvəldən bu təşəbbüsə yox demişik və indi də mövqeyimiz dəyişməyib”, - deyə italiyalı nazir vurğulayıb.

“Defense News”un məlumatına görə, NATO bu ayın əvvəlində donor ölkələrin PURL proqramına indiyədək təxminən 6 milyard dollar ayırdıqlarını açıqlayıb. Bu vəsait əsasən Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldiləcək.

NATO rəsmiləri bildiriblər ki, proqram Ukraynadakı “Patriot” batareyaları üçün tələb olunan raketlərin 70 faizinin və digər hava hücumundan müdafiə sistemlərində istifadə edilən sursatların 90 faizinin ABŞ-dən alınmasının maliyyələşdirilməsinə kömək edir.

Proqrama töhfə verən ölkələr arasında Almaniya, Kanada, Niderland və fonda 543 milyon dollar köçürdüyünü açıqlayan İsveç də yer alır.

İtaliyanın bu qərarı Avropa İttifaqının NEC proqramına da qoşulmaya biləcəyini açıqlamasından dərhal sonra verilib. Həmin proqram üzv dövlətlərə büdcə kəsiri qaydalarını pozmadan əlavə silahlar almaq imkanı yaradır.

Məlumata görə, Baş nazir Corcia Meloni də İtaliyanın Avropa İttifaqının SAFE kredit proqramına qoşulmaya biləcəyinə işarə edib. Bu proqram çərçivəsində İtaliyaya müdafiə xərcləri üçün 14,9 milyard avro məbləğində aşağı faizli kredit ayrılması nəzərdə tutulur.

Meloni bildirib ki, hökumətin əsas prioriteti artan yanacaq xərclərinin yaratdığı yükü azaltmaqdır. Müdafiə xərclərinin seçicilər arasında populyarlığını itirdiyi bir dövrdə baş nazir diqqətini növbəti seçkilərə və daxili iqtisadi məsələlərə yönəldib.

Müdafiə naziri Krosetto isə SAFE proqramına qoşulmaqla bağlı qərarın Maliyyə Nazirliyinin səlahiyyətində olduğunu qeyd edib.

“SAFE proqramına qoşulub-qoşulmamaq qərarı yalnız Müdafiə Nazirliyi tərəfindən verilə bilməz”, - deyə o bildirib.

Hökumət mənbələrinin sözlərinə görə, kreditlərdən istifadə məsələsi ilə bağlı müzakirələr hələ də davam edir.

Meloni seçicilərin həyat xərcini azaltmaq üçün xərclərin ölkə daxilinə yönəldilməsinin vacibliyini vurğulasa da, İtaliya NATO qarşısında müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyi götürüb. Bu göstəricinin 3,5 faizi silahlanmaya, 1,5 faizi isə daxili təhlükəsizlik tədbirlərinə yönəldiləcək.

Ötən il İtaliya vergi polisi, sahil mühafizəsi, kosmik və kibermüdafiə sahələrindəki bəzi xərcləri müdafiə büdcəsinə daxil etməklə müdafiə xərclərinin ÜDM-dəki payını təxminən 1,5 faizdən 2 faizə yüksəltdiyini açıqlamışdı.

İyunun 11-də Meloni bəyan edib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində İtaliyanın müdafiə xərclərinin bu il ÜDM-in 2,8 faizinə çatacağı rəsmi şəkildə elan olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Ukrayna  


Bizi "telegram"da izləyin