Türk zirehli texnikaları sınaqlar üçün Malayziyadadır

2026/06/Ekran-1781936368.jpg
Oxunub: 287     10:17     20 İyun 2026    
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan OTOKAR tərəfindən istehsal edilən zirehli texnikalar sınaqlar məqsədilə Malayziyada görüntülənib.

Ordu.az xəbər verir ki, OTOKAR şirkətinin hazırladığı 6×6 təkər formuluna malik ARMA və 4×4 COBRA II zirehli maşınları Malayziya Ordusunun sınaq poliqonunda qeydə alınıb.

Məlumata görə, Malayziya Ordusu sözügedən zirehli texnikaları müxtəlif sınaqlardan keçirəcək. ARMA 6×6 zirehli maşınının üzərində 25 mm çaplı “MIZRAK” silah qülləsi quraşdırılıb. COBRA II isə açıq qülləli konfiqurasiyada sınaqdan keçiriləcək.

Türk zirehli texnikalarının Malayziyanın hazırda davam edən birbaşa tədarük və modernləşdirmə proqramı çərçivəsində ölkədə olduğu qiymətləndirilir. Malayziya Ordusu inventarındakı köhnəlmiş platformaları əvəz etmək üçün müxtəlif layihələr həyata keçirir.

Türkiyə ilə inkişaf edən münasibətlər fonunda son dövrlərdə sürətlənən modernləşdirmə proqramları yeni strateji əməkdaşlıqların formalaşmasına şərait yaradır.

OTOKAR-ın zirehli texnikaları hazırda 40-dan çox ölkədə, həmçinin BMT və NATO missiyalarında istifadə olunur. Şirkətin məhsulları öz etibarlılığını sübut etmiş platformalar hesab edilir və bölgədə mühüm təchizatçılardan biri kimi tanınır.

Məlumata görə, 2026-cı ilin aprelində Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən DSA 2026 sərgisində OTOKAR şirkəti özünün qabaqcıl zirehli platformalarını nümayiş etdirib.

Sərgidə sağ sükanlı komanda-idarəetmə versiyasında təqdim olunan 4×4 COBRA II və ARMA 6×6 zirehli döyüş maşını nümayiş olunub.

OTOKAR həmin sərgi çərçivəsində Malayziyanın ən böyük müdafiə sənayesi qurumlarından biri olan “Boustead Holdings Berhad” ilə genişmiqyaslı strateji tərəfdaşlıq sazişi də imzalayıb.

Bu əməkdaşlıq yalnız platforma tədarükünü deyil, Malayziyanın yüksək yerli iştirak payı ilə silahlanmasını yeniləmə strategiyasını da dəstəkləyir. OTOKAR və “Boustead Holdings Berhad” arasında qurulan tərəfdaşlıq yerli istehsal, texniki xidmət və təmir sahələrində əməkdaşlıq imkanlarını genişləndirir.

2026-cı ilin mayında Malayziyanın müdafiə naziri Xalid Nordin STM şirkətinin baş podratçısı olduğu LMS “Batch 2” korvet proqramı ilə bağlı Türkiyəyə səfər edib. Səfər çərçivəsində nazir OTOKAR rəhbərliyi ilə də görüş keçirib.

OTOKAR-ın Hərbi Vasitələr üzrə baş direktor müavini Sedef Vehbi daha əvvəl verdiyi açıqlamada bildirib ki, şirkət qlobal təcrübəsini Malayziyanın müdafiə ehtiyaclarına uyğun şəkildə tətbiq etməyə hazırdır.

Onun sözlərinə görə, hərbi texnikalar hazırda dünyanın təxminən 50 ölkəsində istifadə olunur və şirkət bu təcrübəni regionun təhlükəsizliyinə töhfə verəcək həllərə çevirmək niyyətindədir. O, yerli tərəfdaş “Boustead Holdings Berhad” ilə güclü sinerjinin formalaşacağına inandıqlarını və Malayziya Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamağa hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, Malayziya daha əvvəl 8×8 təkər formuluna malik FNSS istehsalı zirehli maşınları da seçib. AV8 GEMPITA adı ilə tanınan bu platformalar FNSS-in PARS ailəsi əsasında Malayziyanın “Deftech” şirkəti ilə birlikdə hazırlanıb.

Layihə çərçivəsində 12 müxtəlif konfiqurasiyada ümumilikdə 257 ədəd AV8 zirehli maşını istehsal edilərək təhvil verilib və hazırda Malayziya ordusu tərəfindən aktiv şəkildə istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   OTOKAR   Malayziya  


Bizi "telegram"da izləyin