“Süleymani son 100 ilin “ən qorxunc adamı idi” - Tramp

2026/05/1779950914.jpg
Oxunub: 257     13:03     20 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaninin öldürülməsi əməliyyatını yenidən xarici siyasətdəki ən mühüm qərarlarından biri adlandırıb.

Ordu.az xəbər verir ki, Donald Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.

Jurnalist Stiv Kaputonun suallarını cavablandıran Tramp Süleymanini ABŞ hərbçiləri və müttəfiqləri arasında böyük itkilərə səbəb olan şəxs kimi xarakterizə edib.

“Mən onların generalını məhv etdim. Süleymani sərhəd bombalarının “atası” idi. Əllərini, ayaqlarını itirmiş, üzü eybəcərləşmiş əsgərləri görəndə bilin ki, bunun 96,2 faizi İranla bağlıdır. Bu, Süleymanidən gəlirdi. Bu onun sevimli silahı idi. Mən onu öldürdüm. O, minlərlə əsgəri və on minlərlə başqa insanı öldürüb”, - deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, Süleymani gizli partlayıcı qurğuların tətbiqi taktikasında əsas fiqurlardan biri olub və son dərəcə təhlükəli hərbi komandan hesab edilib.

“O, son 100 ilin ən qorxunc adamı idi. İranda da ondan qorxurdular, hətta ayətullahlar belə ondan çəkinirdilər. O, çox qəddar və çox ağıllı general idi”, - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, onun zərərsizləşdirilməsi əməliyyatı əvvəlcədən hazırlanıb və müəyyən mərhələdə İsraillə koordinasiya olunub. Lakin Trampın iddiasına görə, İsrail son anda əməliyyatda iştirakdan imtina edib.

“Bu, birgə əməliyyat olmalı idi. Təxminən 30 gün bunun üzərində işləyirdik. İsrail son anda iştirak etməyəcəyini bildirdi. Mən bunu anlayışla qarşıladım”, - deyə o qeyd edib.

Tramp əlavə edib ki, müttəfiqlərin geri çəkilməsinə baxmayaraq, əməliyyat yalnız ABŞ qüvvələri tərəfindən həyata keçirilib və heç bir problem olmadan başa çatıb. ABŞ Prezidenti iddia edib ki, Süleymani ABŞ hərbi bazalarına qarşı yeni hücumlar planlaşdırırdı və bu hücumlar ciddi itkilərlə nəticələnə bilərdi.

“O, bizim beş hərbi bazamıza hücum etməyə hazırlaşırdı. Mən bunu hücumdan bir həftə əvvəl dayandırdım”, - deyə Tramp bildirib.

O, həmçinin bu qərarını əvvəlki ABŞ administrasiyalarının siyasəti ilə müqayisə edərək vurğulayıb ki, Süleymaninin zərərsizləşdirilməsi regionun təhlükəsizlik mühitində dönüş nöqtələrindən biri olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Süleymani   Tramp  


Bizi "telegram"da izləyin