Ordu.az xəbər verir ki, bu barədə “IBRiS” analitik mərkəzinin 2023-2026-cı illəri əhatə edən araşdırmasında bildirilib.
Məlumata görə, son üç il ərzində polyakların vətən uğrunda həyatını qurban verməyə hazır olduqlarını bildirənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Əgər 2023-cü ildə respondentlərin 27 faizi ölkəsi uğrunda canından keçməyə hazır olduğunu deyirdisə, hazırda bu göstərici cəmi 15 faiz təşkil edir.
Sorğu göstərib ki, mümkün müharibə təhlükəsi qarşısında Polşa cəmiyyəti demək olar ki, iki bərabər hissəyə bölünüb. Respondentlərin 47 faizi ölkəni silahla müdafiə etməyə hazır olmadığını bildirib, 44 faizi isə belə bir vəziyyətdə döyüşəcəyini bəyan edib.
Araşdırma müəlliflərinin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından sonra polyakların davranış modellərində dəyişiklik müşahidə olunur.
Əvvəllər hərbi müqavimətə üstünlük verən vətəndaşların bir hissəsi artıq ailəsini və əmlakını qorumağa, həmçinin təxliyə imkanlarını nəzərdən keçirməyə üstünlük verir.
Bu müddətdə döyüş hazırlığı nümayiş etdirənlərin payı 30 faizdən 15 faizə qədər azalıb.
Sorğu nəticələri nəsillər arasında ciddi fərqlərin də olduğunu göstərib.
Ən aşağı döyüş hazırlığı göstəricisi 18-29 yaş qrupu arasında qeydə alınıb. Bu yaş kateqoriyasında respondentlərin yalnız 18 faizi ölkəni müdafiə etməyə hazır olduğunu bildirib.
Ən yüksək göstərici isə 40-49 və 50-59 yaş qruplarında qeydə alınıb. Həmin qruplarda bu göstərici təxminən 56 faiz təşkil edir.
Araşdırma göstərib ki, milli təhlükəsizlik naminə maddi fədakarlıq etməyə hazır olanların da sayı azalır.
Belə ki, maliyyə yükünü qəbul etməyə hazır olanların payı 46 faizdən 36 faizə düşüb. Heç bir fədakarlıq etmək istəməyənlərin sayı isə 14 faizdən 30 faizə yüksəlib.
Hesabatda Polşa vətəndaşlarının böhran vəziyyətlərində praktiki hazırlıq səviyyəsinin də aşağı olduğu vurğulanır. Respondentlərin 81,8 faizi yaşadığı əraziyə ən yaxın sığınacağın harada yerləşdiyini bilmədiyini bildirib.
Mütəxəssislər bunu ölkənin təhlükəsizlik sistemində müəyyən edilən ən ciddi zəifliklərdən biri kimi qiymətləndirirlər. Sorğuda həmçinin vətəndaşların yardım göstərmək istəyi ilə lazımi bacarıqlara yiyələnmək istəyi arasında uyğunsuzluq olduğu qeyd olunur.
Respondentlərin 67 faizi müharibə şəraitində mülki müdafiəyə dəstək verməyə hazır olduğunu bildirsə də, yalnız 36 faizi mülki müdafiə üzrə xüsusi təlimlər keçmək niyyətindədir.
Araşdırma müəlliflərinin fikrincə, yüksək mənəvi hazırlıq və yardım etmək istəyi konkret tapşırıqları yerinə yetirmək üçün real hazırlıqla müşayiət olunmur. Bununla yanaşı, Polşa Müdafiə Nazirliyinin planlarına əsasən, 2026-cı ilədək təxminən 40 min ehtiyat hərbçinin hazırlanması nəzərdə tutulur.
Gənclər üçün müdafiə təlim proqramları da nəzərə alındıqda, müdafiə hazırlığı tədbirlərinə cəlb olunan insanların ümumi sayının 300 mini keçəcəyi gözlənilir.
Polşa Milli Müdafiə Nazirliyinin dövlət katibinin müavini Stanislav Vzentekin sözlərinə görə, 2039-cu ilədək Polşa Silahlı Qüvvələrində peşəkar hərbçilərin sayı 300 min nəfərə, ehtiyat qüvvələrlə birlikdə isə 500 min nəfərə çatdırılmalıdır.
Sevinc Əliyeva
Ordu.az