“Polşa ilə Ukrayna arasındakı qarşıdurma Putini sevindirir” - Tusk

2026/06/1781950330.jpg
Oxunub: 215     14:07     20 İyun 2026    
Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, Polşa ilə Ukrayna arasında yaranan gərginlik Rusiya Prezidenti Vladimir Putinin maraqlarına xidmət edir və müttəfiqlər arasında narahatlıq yaradır.

Ordu.az xəbər verir ki, Donald Tusk bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Polşa hökumət başçısı bu fikirləri Prezident Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum etməsi qərarını şərh edərkən səsləndirib.

Tusk bildirib ki, həm Zelenski, həm də Navrotskinin əsas vəzifəsi emosiyaları sakitləşdirmək və gərginliyi azaltmaqdır.

“Prezidentlər Zelenski və Navrotskinin vəzifəsi emosiyaları alovlandırmaq deyil, onları sakitləşdirməkdir. Cəbhə xətti tamamilə başqa yerdən keçir”, - deyə o qeyd edib.

Məlumata görə, Zelenskinin mükafatdan məhrum edilməsinə səbəb Ukrayna tərəfindən Ukrayna Üsyançı Ordusunun şərəfinə hərbi hissələrdən birinə fəxri ad verilməsi ilə bağlı qərar olub.

Bu məsələ uzun illərdir Polşa ilə Ukrayna arasında tarixi mübahisələrin əsas mövzularından biri olaraq qalır.

Qeyd edək ki, “Ağ Qartal” ordeni Volodimir Zelenskiyə 2023-cü ildə Polşanın o zamankı prezidenti Anjey Duda tərəfindən Varşava ilə Kiyev arasındakı xüsusi münasibətlərin rəmzi kimi təqdim edilmişdi.

Polşa ilə Ukrayna arasında əsas fikir ayrılığı 1943-1945-ci illərdə baş vermiş Volın qətliamı ilə bağlıdır. Həmin dövrdə Ukrayna Üsyançı Ordusunun bölmələrinin Volın və Şərqi Qalisiyada on minlərlə polyak mülki şəxsin qətli ilə nəticələnən əməliyyatlar həyata keçirdiyi bildirilir.

Polşa bu hadisələri polyak xalqına qarşı soyqırımı kimi qiymətləndirir. 2016-cı ildə Polşa parlamenti Volın qətliamını rəsmi olaraq soyqırımı kimi tanıyıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tusk   Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin