Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Nazaretlə Beer-Şeva şəhərlərini birləşdirən Route 60 magistral yolunun inkişafına həsr olunmuş rəsmi mərasimdə çıxış edən Netanyahu bildirib ki, İsrail Livanın cənubunda yaradılmış “təhlükəsizlik zonasını” qoruyub saxlamaq niyyətindədir.
Onun sözlərinə görə, İsrail şimal şəhərlərinin təhlükəsizliyini və rifahını bərpa edəcək. Bunun üçün isə Livanın cənubunda hərbi mövcudluğun davam etdirilməsi zəruridir.
Netanyahu qeyd edib ki, İsrailin təhlükəsizlik maraqları tələb etdiyi müddətdə həmin ərazi tərk edilməyəcək.
Daha əvvəl ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumu çərçivəsində, o cümlədən Livanda bütün döyüş əməliyyatlarının dayandırılması nəzərdə tutulmuşdu. Lakin İsrail bu razılaşmanın tərəfi deyil.
Donald Tramp və İran rəhbərliyinin iştirakı ilə əldə olunmuş sənəd regionda İsrailin gələcək hərbi mövcudluğu ilə bağlı yeni fikir ayrılıqlarına səbəb olub.
“Reuters” agentliyinin məlumatına görə, İsrail tərəfi Livanın cənubunda qoşunların saxlanılması məsələsi ilə bağlı Vaşinqtonla intensiv danışıqlar aparır.
Sonradan İsrail Müdafiə Qüvvələri təhlükəsizlik zonasının yenilənmiş xəritəsini yayıb və hazırkı mərhələdə qoşunların çıxarılmasının planlaşdırılmadığını açıqlayıb.
Regionda davam edən gərginlik fonunda Livanın cənubu hələ də qarşıdurma bölgəsi olaraq qalır. Bu vəziyyətə “Hizbullah” qruplaşmasının fəaliyyəti və ABŞ ilə İran arasında son diplomatik təşəbbüslərdən sonra yaranmış qeyri-müəyyənlik də təsir göstərir.
Sevinc Əliyeva
Ordu.az