Ermənistanda kim harada seçildi? – 2026-cı il parlament seçkiləri rəqəmlərlə

2026/06/1781595896.jpg
Oxunub: 272     17:33     16 İyun 2026    
“2026-cı il iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası bir həftə sonra, iyunun 14-də yekun nəticələri açıqlayıb. Nəticələrə əsasən, parlamentə üç siyasi qüvvə keçib: “Vətəndaş Müqaviləsi” partiyası (49,7456%), “Güclü Ermənistan” bloku (23,271%) və “Hayastan” bloku (9,9231%)”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri “Kim harada seçildi? – 2026-cı il parlament seçkiləri rəqəmlərlə” başlıqlı məqaləsində yazıb.

Nəşr 2026-cı il iyunun 7-də keçirilən seçkilərin nəticələrini Ermənistanın 70 icması və İrəvanın inzibati rayonları üzrə təhlil edib.

Məqalədə qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası 10/51, 12/13 və 35/65 saylı seçki məntəqələrində səsvermənin nəticələrini etibarsız hesab edib. Həmin məntəqələrin məlumatları yalnız seçici fəallığı göstəricilərində əks olunub. Digər təhlillər isə qalan 2002 seçki məntəqəsini əhatə edir. Məlumatlara elektron səsvermənin nəticələri daxil edilməyib.

“İyunun 7-də 1 milyon 476 min 597 nəfər və ya səsvermə hüququna malik vətəndaşların 58,97 faizi seçkilərdə iştirak edib. Bu göstərici 2018-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərindəki 48,6 faiz və 2021-ci ildəki 49,4 faiz göstəricilərindən yüksək olub.

2026-cı il seçkilərində ən yüksək fəallıq Zəngəzur vilayətinin Qacaran icmasında qeydə alınıb. Burada fəaliyyət göstərən 8 seçki məntəqəsində orta iştirak səviyyəsi 74,2 faiz olub. 70 faizlik göstərici ilə Zəngəzur vilayətinin Tex və Vayots Dzor vilayətinin Vayk icmaları növbəti yerləri tutublar.

Lori vilayətinin Fiolotovo icmasında isə 804 seçicidən yalnız 144 nəfər səsvermədə iştirak edib. Molokanların yaşadığı Fiolotovo 17,9 faizlik iştirak göstəricisi ilə ən passiv icma olub.

Diqqətçəkən məqamlardan biri də odur ki, ən aşağı iştirak göstəricisi qeydə alınan dörd icmanın hamısı əsasən milli azlıqların yaşadığı yaşayış məntəqələridir. Fiolotovodan sonra Araqatsotn vilayətində yerləşən və əsasən yezidilərin yaşadığı Şamiram icması gəlir. Burada 505 seçicidən cəmi 183 nəfər səsvermədə iştirak edib ki, bu da 36,24 faiz təşkil edir”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, passivliyi ilə seçilən digər yaşayış məntəqəsi isə Lori vilayətində yerləşən və molokanların yaşadığı Lermontovo olub. Burada 685 seçicidən 266 nəfər səsvermədə iştirak edib ki, bu da 38,83 faiz deməkdir.

“Araqatsotn vilayətində kürdlər və yezidilərin yaşadığı Alagyaz icmasında isə 2761 seçicidən 1188 nəfər səs verib. Bu da 43,03 faizlik iştirak göstəricisinə bərabərdir. Paytaxt İrəvanda seçkilərdə ən yüksək fəallıq Avan inzibati rayonunda qeydə alınıb. Burada səsvermə hüququna malik 40 min 644 vətəndaşdan 25 min 120 nəfəri və ya seçicilərin 61,8 faizi seçki məntəqələrinə gedib.

Ən aşağı iştirak göstəricisi isə Erebuni inzibati rayonunda qeydə alınıb və 55,63 faiz təşkil edib. İyunun 7-də “Vətəndaş Müqaviləsi” partiyasına 726 min 819 seçici səs verib. Hakim siyasi qüvvə Ermənistanın 70 icmasından 64-də və 2002 seçki məntəqəsindən 1880-də ən çox səs toplayıb.

Araqatsotn vilayətinin yezidilərin yaşadığı Şamiram icmasında, məsələn, səsvermədə iştirak edən 183 seçicidən 154-ü 16 nömrəli bülleteni seçib. Bu isə aşağı iştirak fonunda icma səslərinin 85,08 faizinin “Vətəndaş Müqaviləsi” partiyasının lehinə olduğunu göstərir.

Oxşar vəziyyət vilayətin digər yaşayış məntəqəsi olan Metsadzor icmasında da müşahidə olunub. Burada səs verən 75 vətəndaşdan 63-ü və ya 84 faizi hakim partiyanı dəstəkləyib.

“Vətəndaş Müqaviləsi” partiyası ən az səsi Fiolotovo icmasında alıb. Burada 144 seçicidən cəmi 17 nəfər partiyaya səs verib ki, bu da ümumi səslərin 11,81 faizini təşkil edir. Partiya Lori vilayətinin Taşir icmasında da nisbətən aşağı nəticə göstərib. Səsvermədə iştirak edən 11 min 110 vətəndaşdan yalnız 2500 nəfər 16 nömrəli bülleteni seçib və nəticədə partiya burada 22,69 faiz səs toplayıb”, - deyə müəllif vurğulayıb.

Nəşr yazıb ki, İrəvanda “Vətəndaş Müqaviləsi” partiyası səslərin ən böyük payını Erebuni inzibati rayonunda əldə edib.

“Burada partiyanın nəticəsi 46,26 faiz olub. Partiya nisbətən aşağı nəticələri isə Arabkir və Kentron inzibati rayonlarında göstərib. Arabkirdə 35,6 faiz, Kentronda isə 36,01 faiz səs toplayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin