İranın qayıdışı qlobal oyundur? ABŞ-İran sazişi Ermənistana necə təsir göstərəcək?

2026/06/1781595945.jpg
Oxunub: 214     17:45     16 İyun 2026    
“ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran arasında Yaxın Şərqdə hərbi əməliyyatlara son qoyacaq, Hörmüz boğazını yenidən açacaq və İran limanlarına qarşı ABŞ-nin tətbiq etdiyi blokadanı aradan qaldıracaq çərçivə sazişi əldə olunub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İranın qayıdışı qlobal oyundur? – ABŞ-İran sazişi Ermənistana necə təsir göstərəcək?” başlıqlı məqaləsində yazıb.

“İran İslam Respublikası ilə saziş artıq hazırdır”, - deyə Donald Tramp sosial şəbəkədəki səhifəsində yazıb. O, növbəti paylaşımında əlavə edib ki, “bu möhtəşəm saziş bütün regiona sülh və təhlükəsizlik bəxş edəcək”.

Nəşrə görə, İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi səhər saatlarında sazişin əldə olunması ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, müharibənin bütün cəbhələrində, o cümlədən Livanda dərhal və daimi atəşkəs elan edilir.

“İranın “Mehr” agentliyi İran və ABŞ arasında nəzərdə tutulan qarşılıqlı anlaşma memorandumunun layihəsini dərc edib. 14 maddədən ibarət olan sənəd regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ikitərəfli münasibətlərin tənzimlənməsini əhatə edir.

Sənədə əsasən, tərəflər bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatları dərhal və daimi dayandırmağı planlaşdırırlar. Eyni zamanda ABŞ İranın daxili işlərinə qarışmamağı və İran İslam Respublikasının suverenliyinə hörmət etməyi öhdəsinə götürür.

Memorandumda 30 gün ərzində İrana qarşı tətbiq olunan dəniz blokadasının tamamilə ləğvi, həmçinin ABŞ qüvvələrinin İran sərhədlərinə yaxın regionlardan çıxarılması nəzərdə tutulur.

Sənəd həmçinin Hörmüz boğazının yenidən açılmasını və İran neftinin satışına tətbiq olunan məhdudiyyətlərin dayandırılmasını ehtiva edir.

Layihəyə görə, ABŞ və onun müttəfiqləri İran infrastrukturunun bərpası üçün 300 milyard dollar həcmində proqram təqdim etməlidirlər. Bundan əlavə, yekun razılaşmaya nail olmaq məqsədilə 60 günlük danışıqlar prosesinin keçirilməsi planlaşdırılır.

İran isə öz növbəsində nüvə silahı istehsal etməməyi öhdəsinə götürür. Bununla yanaşı, ABŞ danışıqlar müddətində yeni sanksiyalar tətbiq etməməli və regiondakı hərbi mövcudluğunu genişləndirməməlidir”, - deyə müəllif yazıb.

Nəşrə görə, sənəddə həmçinin qeyd olunur ki, İrana məxsus dondurulmuş 24 milyard dollarlıq aktivlərin blokdan çıxarılması, sazişin icrasına nəzarət mexanizminin yaradılması və yekun razılaşmanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə təsdiqlənməsi nəzərdə tutulur.

“Bildirilir ki, İranın dondurulmuş vəsaitlərinin ən azı yarısının sərbəst buraxılması, neft sanksiyalarının dayandırılması və dəniz blokadasının aradan qaldırılması da daxil olmaqla bir sıra ilkin şərtlər yerinə yetirilməyənədək yekun danışıqlar başlamayacaq.

Bu arada ABŞ-nin yüksək vəzifəli rəsmisi İran tərəfinin yekun saziş üzrə danışıqlara başlamazdan əvvəl Tehranın milyardlarla dollarlıq dondurulmuş vəsait əldə edəcəyi ilə bağlı iddialarını təkzib edib və bu fikirləri “reallığın təhrif olunması” adlandırıb.

“Axios”a danışan rəsmi şəxs İranın 60 günlük danışıqlar mərhələsi başlamazdan əvvəl bloklanmış 12 milyard dollarlıq aktivlərə qeyd-şərtsiz çıxış əldə edəcəyi barədə məlumatları rədd edib. “Bu, qətiyyən həqiqətə uyğun deyil”, - deyə rəsmi bildirib. O, həmçinin qeyd edib: “Bu, “nəticəyə görə ödəniş” prinsipi ilə qurulan razılaşmadır və iranlılar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyənədək heç bir dondurulmuş vəsait sərbəst buraxılmayacaq”, - deyə “168.am” yazıb.

Müəllifin sözlərinə görə, İran rəsmiləri isə öz növbələrində bildiriblər ki, dondurulmuş aktivlərin bir hissəsinin azad edilməsi və dəniz blokadasının aradan qaldırılması da daxil olmaqla əsas öhdəliklər yerinə yetirildikdən sonra yekun danışıqlar başlayacaq.

“Sənəd hələ rəsmi şəkildə dərc edilməsə də, mediaya sızan məlumatlar göstərir ki, münaqişə tərəfləri eyni layihə sənədini öz siyasi maraqları və auditoriyalarına uyğun şəkildə təqdim edirlər.

Sənədin əsas mətni, yəni 14 maddə böyük ehtimalla mövcuddur. Lakin İran ABŞ-nin yerinə yetirməli olduğu öhdəlikləri ön plana çıxarır, ABŞ isə vurğulayır ki, İran bütün bunları yalnız öz öhdəliklərini yerinə yetirdikdən sonra əldə edəcək. Buna baxmayaraq, beynəlxalq liderlər artıq ABŞ ilə İran arasında çərçivə sazişinin əldə olunmasını alqışlayırlar.

London, Paris, Berlin və Roma birgə bəyanatla Tehrana qarşı bəzi sanksiyaların yumşaldılmasına hazır olduqlarını bildiriblər. Digər ölkələr və beynəlxalq mərkəzlər də oxşar bəyanatlarla çıxış ediblər. Lakin bu fonda İsrail bəyan edir ki, ölkə Cənubi Livandan çıxmayacaq.

İsrailin müdafiə naziri İsrael Kats bildirib: “Baş nazir Benyamin Netanyahu ilə birlikdə aydın siyasət yürüdürük. Bu siyasətə əsasən İsrail Müdafiə Qüvvələri sərhədləri və İsrail icmalarını cihadçı ünsürlərdən qorumaq məqsədilə Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında müddətsiz qalacaq”, - deyə nəşr bildirib.

Məqalədə qeyd olunur ki, Vaşinqton və Tehran arasında imzalanması nəzərdə tutulan çərçivə sazişi müxtəlif şərhlərə baxmayaraq qlobal siyasətin məntiqini dəyişdirməyə iddialıdır.

“Donald Trampın sözləri ilə desək, bu “tarixi böyük razılaşma” yalnız Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının əsasını qoymur, həm də qonşu regionlara, xüsusilə Cənubi Qafqaza birbaşa təsir göstərə bilər. London, Paris, Berlin və Romanın sürətli reaksiyası və sanksiyaların yumşaldılmasına hazırlığı Avropanın aparıcı dövlətlərinin ciddi iqtisadi ehtiyaclarının olduğunu göstərir.

İran neftinin dünya bazarına qayıtması və nəqliyyat marşrutlarının blokdan çıxarılması enerji daşıyıcılarının qiymətlərini əhəmiyyətli dərəcədə azalda və qlobal iqtisadiyyata ciddi təkan verə bilər. Lakin ekspertlərin fikrincə, bu razılaşmanın ən zəif həlqəsi İsrailin sərt mövqeyi olaraq qalır.

İsrailin müdafiə naziri İsrael Katsın qoşunların Cənubi Livan, Qəzza və Suriyanı tərk etməyəcəyi barədə bəyanatı göstərir ki, Vaşinqton-Tehran razılaşması hələ möhkəm deyil və tam regional konsensus əldə olunmayıb. İsrail ABŞ və İran arasında diplomatik oyunu öz təhlükəsizliyi üçün ekzistensial təhdid kimi qiymətləndirir. Bu isə o deməkdir ki, hətta sənəd 2026-cı il iyunun 19-da Cenevrədə imzalansa belə, hərbi toqquşmaların yenidən başlanması riski yüksək olaraq qalacaq”, - deyə məqalədə vurğulanıb.

Nəşr bildirib ki, ABŞ-İran münasibətlərinin mümkün normallaşması və sanksiyaların mərhələli şəkildə aradan qaldırılması Cənubi Qafqazın geoiqtisadi xəritəsini də köklü şəkildə dəyişə bilər.

“Təcriddən çıxan İran böyük iqtisadi potensialı ilə təbii olaraq Ermənistan üzərindən Avropaya aparan sabit və təhlükəsiz tranzit marşrutları axtaracaq. Bu kontekstdə İranı TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi də maraqlandıra bilər.

Bütün bunlar birbaşa Ermənistana aiddir. Çünki Ermənistan ətrafında kommunikasiyaların açılması gündəliyi hazırda aktiv müzakirələr və razılaşmalar mərhələsindədir. Məhz bu dövrdə Tehran ətrafındakı vəziyyətin sabitləşməsi İranın Cənubi Qafqazdakı çəkisini daha da artırır.

ABŞ-İran çərçivə sazişinin həyata keçirilməsi Tehranın mövqelərinin möhkəmlənməsi baxımından fundamental əhəmiyyət daşıyacaq. Bu, İranı beynəlxalq təcriddən çıxararaq qlobal siyasi və iqtisadi təsir platformalarına qaytaracaq. Xüsusilə də neft sanksiyalarının dayandırılması və regional layihələrin hüquqi legitimlik qazanması fonunda bu daha aydın görünəcək”, - deyə nəşr qeyd edib.

Məqalə müəllifinin fikrincə, bu qlobal geosiyasi transformasiya birbaşa Cənubi Qafqaza təsir göstərəcək.

“Ermənistan üçün İranın mümkün yüksəlişi müxtəlif imkanlar yarada bilər. Ən başlıcası isə regionda Türkiyə və Azərbaycanın təsirini balanslaşdırmaq və bununla da İrəvana daha müstəqil xarici siyasət aparmaq imkanı verməkdir. Bununla yanaşı, bu vəziyyət Ermənistan üçün yalnız iqtisadi imkan deyil, həm də geosiyasi çağırışdır. Çünki Azərbaycan, Türkiyə və İsrail bu fonda öz gündəmlərini daha intensiv şəkildə irəli aparmağa çalışacaqlar. Ermənistanın İran ətrafında formalaşa biləcək yeni konfiqurasiyada uğuru İrəvanın açılan İran potensialından nə dərəcədə səmərəli istifadə edə bilməsindən asılı olacaq”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Ermənistan  


Bizi "telegram"da izləyin