Davam edən İran müharibəsi böyük ehtimalla bu əsrin texnoloji baxımdan ən maraqlı müharibələrindən biri kimi tarixə düşəcək. ABŞ hədəfin aşkar edilməsindən məhvinə qədər olan bütün mərhələlərdə süni zəkadan istifadə edib. Digər tərəfdən, İranın Pilotsuz Uçuş Aparatı (PUA) tətbiqi Ukrayna müharibəsindən fərqli cəbhələrdə PUA-ların əhəmiyyətli rol oynamayacağına dair qalan bütün şübhələri aradan qaldırıb.
Lakin bu müharibə döyüş meydanında inqilabi dəyişiklik yarada biləcək və haqqında daha az danışılan başqa bir texnologiyanın ilk dəfə tətbiq edildiyi müharibə kimi də yadda qala bilər. Söhbət İsrailin lazer əsaslı yeni hava hücumundan müdafiə sistemi olan “Iron Beam”dən gedir. İsrailin hava hücumundan müdafiə sistemi artıq uğurları və yenilikləri ilə bütün dünyada tanınır. Bu sistemin ən məşhur elementi “Iron Dome”dur. 2011-ci ildə ilk dəfə döyüş növbətçiliyinə qəbul ediləndən bəri sistem 10 mindən çox hədəfi vurub və ən azı 90 faiz uğur göstəricisinə nail olub.
İsrailin müdafiə arxitekturasına həmçinin “David’s Sling” və “Arrow” sistemləri daxildir. Bu sistemlər “Iron Dome”un imkanlarını aşan uzaq mənzilli və daha güclü raket təhdidlərinə qarşı müdafiə təmin edir. Birlikdə bu sistemlər İsrailə müxtəlif istiqamətlərdən gələn təhdidlərin ölkəyə ciddi zərər vurmasının qarşısını almaqda yüksək effektivlik nümayiş etdirib. Lakin kiçik, eyni zamanda ölümcül PUA-ların istehsal xərcinin sürətlə azalması hücum tərəfinə iqtisadi üstünlük qazandırıb və İsrailin hava hücumundan müdafiə sistemləri xərc baxımından ciddi sınaqla üzləşib.
“Iron Beam” necə işləyir?
“Iron Dome”un istehsalçısı olan “Rafael Advanced Defense Systems” bu boşluğu aradan qaldırmaq üçün lazer texnologiyaları hazırlayıb. Ənənəvi “Iron Dome” daxil olan raketləri məhv etmək üçün onlara qarşı raket buraxdığı halda, “Iron Beam” yüksək enerjili lazer şüası göndərərək raketi havada sıradan çıxarır. Soyuq müharibə dövrünün elmi-fantastik ideyasını xatırladan bu texnologiya artıq reallığa çevrilib. İsrail onun sistemli və rəsmi yerləşdirilməsinə ötən ilin sonunda başlayıb.
PUA əleyhinə lazerlərin üstünlükləri və zəif tərəfləri
“Iron Dome” kimi, “Iron Beam” sisteminin ilkin qurulma xərcı da on milyonlarla dollar təşkil edir. Lakin lazerlər əməliyyat xərclərini kəskin şəkildə azaltmağı vəd edir. “Iron Dome”un hər bir raketi on minlərlə dollara başa gəldiyi halda, “Iron Beam” üçün sistem qurulduqdan sonra əsas xərc yalnız lazer şüasının istehlak etdiyi enerjidir. Bu məbləğ hər atış üçün təxminən 2 dollar ola bilər. Bundan əlavə, etibarlı enerji mənbəyinə qoşulduğu müddətdə lazer sistemi faktiki olaraq sonsuz sursat ehtiyatına malikdir. Onun istismarı üçün daha az şəxsi heyət tələb olunur və raket istehsalı ilə bağlı məhdudiyyətlər də aradan qalxır.
Lakin “Iron Beam”in effektivliyinin nəzəri məhdudiyyətləri də var. Güclü yağış, aşağı səviyyəli qalın buludlar, sıx duman və ya qum fırtınaları lazer şüasının yayılmasına mane olur. Halbuki “Iron Dome” raketləri istənilən hava şəraitində fəaliyyət göstərə bilir. Digər problem ondan ibarətdir ki, lazer eyni anda yalnız bir hədəfə yönələ bilir. Bu isə çoxsaylı PUA və ya raket hücumlarının üstünlük qazana biləcəyi zəiflik yaradır.
Sistemin əməliyyat məsafəsi də təxminən 7-10 kilometrdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, “Iron Dome” təxminən 70 kilometrlik məsafədəki hədəfləri vurmağa qadirdir. Bu səbəbdən lazer sistemləri ən yaxşı halda mövcud “Iron Dome” sistemini tamamlayacaq, lakin onu əvəz etməyəcək.
Yönəlmiş enerji silahlarının gələcəyi
İsraildən kənarda da bu texnologiya kiçik hərbi obyektlərin müdafiəsi üçün böyük potensiala malikdir. Məsələn, Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazaları tez-tez PUA hücumlarına məruz qalır və belə sistemlərdən əhəmiyyətli fayda əldə edə bilər. Bu texnologiyanın ən böyük potensialı isə döyüş meydanında PUA üstünlüyünə qarşı cavab vasitəsi olmasıdır.
Hazırda Ukraynada döyüş itkilərinin təxminən 90 faizi PUA-ların payına düşür və onlardan müdafiənin sadə üsulu yoxdur. Zirehli texnikanın üstünlük dövrü artıq son mərhələsinə daxil olduğundan sürətli dağılma və yüksək hərəkətlilik yeganə çıxış yolu kimi görünür. Əgər İsrail lazerləri PUA-lara qarşı effektiv olduğunu sübut etsə, üstünlük yenidən müdafiə tərəfinə keçə bilər.
PUA-lar da hava şəraitindən asılıdır. Buna görə lazerlərin döyüş meydanını köklü şəkildə dəyişdirməsinə mane olan əsas amillər onların istehsal xərcı və ümumi etibarlılığıdır. Bu problemlər həll edilərsə, lazer müdafiə sistemi ilə təchiz olunmuş zirehli texnika PUA-lara qarşı ən effektiv müdafiə vasitəsinə çevrilə bilər. Əslində “Rafael Advanced Defense Systems” artıq bu istiqamətdə addım atıb və nəqliyyat vasitələrinə quraşdırılmaq üçün “Lite Beam” adlı lazer sistemləri istehsal edir.
“Iron Beam” üçün əsl sınaq hələ qarşıdadır
“Iron Beam” əsasən yaxın məsafədən gələn və aşağı xərcə malik təhdidlərə qarşı nəzərdə tutulub. Başqa sözlə, əsasən uzaq məsafədən idarə olunan iri PUA-ların istifadə edildiyi İran müharibəsi onun imkanlarını sınaqdan keçirmək üçün ideal mühit deyil. Lakin İsrailin şimal sərhədində “Hizbullah”la qarşıdurmanın yenidən alovlanması sistemin real imkanlarını qiymətləndirmək üçün müəyyən təsəvvür yarada bilər.
İsrail həmçinin İran hücumlarından müdafiə məqsədilə “Iron Beam” sistemlərini Birləşmiş Ərəb Əmirliklərinə göndərib.
İlkin məlumatların bir qismi sistemin nəticələrinin gözləntilərdən aşağı olduğunu göstərsə də, rəsmi məlumatlar hələ açıqlanmayıb və onun real effektivliyi barədə tam mənzərə formalaşmayıb. İsrail lazer texnologiyalarını inkişaf etdirən yeganə ölkə deyil.
Birləşmiş Krallıq Kral Hərbi Dəniz Qüvvələri üçün “DragonFire” sistemini hazırlayır. ABŞ Hərbi Dəniz Qüvvələri isə artıq HELIOS sistemindən istifadə etməyə başlayıb. Növbəti mərhələ Ukrayna müharibəsindən sonrakı döyüş meydanları üçün uyğun olan daha kiçik və quru bazalı versiyaların yaradılmasıdır.
Bu cür texnologiyalara aydın müdafiə ehtiyacı mövcuddur və Qərb ölkələri “Iron Beam” sisteminin nəticələrini diqqətlə izləməlidir.
Sevinc Əliyeva
Ordu.az