“Lockheed Martin” PAC-3 raketlərinin hansı ölkələrə nə vaxt təhvil veriləcəyini açıqlaya bilməyəcəyini bildirib

2026/06/1781165956.jpg
Oxunub: 194     12:15     11 İyun 2026    
“Lockheed Martin” şirkəti “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan PAC-3 raketlərinin istehsalını əhəmiyyətli dərəcədə artırmasına baxmayaraq, ABŞ müttəfiqlərinin bu raketləri nə vaxt əldə edəcəyi ilə bağlı təminat verə bilməyəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin nümayəndələri Berlində keçirilən ILA 2026 aviasiya sərgisində bildiriblər.

Şirkət vurğulayıb ki, istehsala cavabdeh olsa da, raketlərin hansı ölkəyə və hansı prioritet əsasında ayrılmasına Vaşinqton qərar verir.

“Lockheed Martin”in Raket və Atəşə Nəzarət Sistemləri üzrə Strategiya və Biznesin İnkişafı üzrə vitse-prezidenti Brayan Dann PAC-3 raketlərinə qlobal tələbatın sürətlə artdığını qeyd edib.

Almaniya, Polşa, Yaponiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi “Patriot” istifadəçilərinin təhvil qrafiki ilə bağlı suallarını cavablandıran Dann bildirib ki, şirkət bu məsələdə qərarverici mövqedə deyil.

“İstehsal gücünün artırılması bir çox istifadəçinin ehtiyaclarının daha sürətli qarşılanmasına imkan verəcək. Lakin raketlərin necə bölüşdürüləcəyinə biz qərar vermirik. Heç kimə prioritet siyahısında hansı yerdə olduğunu deyə bilmərik”, - deyə o bildirib.

Məlumata görə, “Lockheed Martin” Pentaqonla imzaladığı 4,7 milyard dollarlıq müqavilə çərçivəsində PAC-3 raketlərinin illik istehsalını hazırkı 650 ədəddən 2033-cü ilə qədər 2 min ədədə çatdırmağı planlaşdırır.

Bununla belə, Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr və artan hava-raket təhdidləri səbəbindən “Patriot” raketlərinə tələbat təklifdən yüksək olaraq qalır.

PAC-3 raketləri xüsusilə ballistik raketlərə qarşı yüksək məhvetmə göstəriciləri ilə seçilir. Ukrayna da Rusiyanın ballistik və hipersəs raket hücumlarına qarşı “Patriot” sistemlərini ən vacib müdafiə vasitələrindən biri kimi istifadə edir.

“Financial Times” qəzetinin daha əvvəl yaydığı məlumata görə, Vaşinqton ABŞ ehtiyatlarının qorunması və yenidən formalaşdırılması məqsədilə bəzi müttəfiq ölkələrə silah tədarükündə gecikmələrin mümkün olacağı barədə xəbərdarlıq edib.

Şirkətin proqram rəhbərlərindən Paula Hartli isə bəzi ölkələrin ABŞ müdafiə təchizatı proseslərində yaranan gecikmələrdən narazı olduqlarını etiraf edib. Onun sözlərinə görə, bəzi hökumətlər təhvil gecikmələri və məhsullara çıxış problemləri səbəbindən məyusluq yaşayırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   PAC-3  


Bizi "telegram"da izləyin