“Lockheed Martin” 3D çap texnologiyası ilə bir ildən az müddətdə yeni PUA hazırlayıb

2026/06/1781165996.jpg
Oxunub: 218     12:19     11 İyun 2026    
“Lockheed Martin”in qabaqcıl texnologiyalar bölməsi olan “Skunk Works “3D çap əsaslı istehsal texnologiyalarından istifadə edərək bir ildən az müddətdə yeni Pilotsuz Uçuş Aparatı (PUA) hazırlayıb.

Ordu.az xəbər verir ki, “Replicator” adlandırılan platforma ABŞ müdafiə sənayesində yeni sistemlərin hazırlanması və istehsalının sürətləndirilməsi istiqamətində mühüm nümunə hesab olunur.

Layihə “Skunk Works” və rəqəmsal istehsal texnologiyaları sahəsində fəaliyyət göstərən ABŞ-nin “Divergent Technologies” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Qanad açılımı 2,7 metr olan “Replicator” PUA-sı ilkin dizayn mərhələsindən fiziki prototipin hazırlanmasına qədər bir ildən də az müddətdə tamamlanıb. Bu göstərici ənənəvi müdafiə layihələrində illərlə davam edən inkişaf prosesləri ilə müqayisədə diqqətəlayiq nəticə hesab olunur.

“Lockheed Martin” 2024-cü ildə “Divergent Technologies” şirkətinə 25 milyon dollar həcmində strateji sərmayə yatırmış və əməkdaşlığın qabaqcıl sursat sistemləri və yeni nəsil insansız platformalar sahəsində genişləndiriləcəyini açıqlamışdı.

Layihənin sürətli inkişafını təmin edən əsas amil “Divergent” tərəfindən hazırlanmış DAPS (Adaptive Production System) rəqəmsal istehsal platforması olub. Bu sistem layihələndirmə, struktur analiz, istehsal planlaşdırılması, montaj və keyfiyyətə nəzarət proseslərini vahid rəqəmsal mühitdə birləşdirir.

Bunun sayəsində layihədə edilən dəyişikliklər dərhal istehsala tətbiq edilir və vaxt itkiləri minimuma endirilir. Layihədə təbəqəli istehsal texnologiyası kimi tanınan 3D çap üsulundan da istifadə olunub. Bu texnologiya mürəkkəb hissələrin birbaşa rəqəmsal modellər əsasında istehsalına imkan verir.

ABŞ müdafiə naziri Pit Heqset “Arsenal of Freedom” proqramı çərçivəsində “Divergent” müəssisəsini ziyarət edərək “Replicator” PUA-sını yerində incələyib. “Lockheed Martin”in əməliyyat direktoru Frenk Sent Con isə bu yanaşmanın yeni qabiliyyətlərin daha sürətli şəkildə istifadəyə verilməsinə imkan yaradacağını bildirib.

1943-cü ildə yaradılmış “Skunk Works” bölməsi U-2 kəşfiyyat təyyarəsi, SR-71 “Blackbird”, F-117 “Nighthawk” və F-22 “Raptor” kimi platformaların hazırlanmasında mühüm rol oynayıb.

“Replicator” proqramı isə Skunk Works-un sürətli inkişaf konsepsiyasının müasir rəqəmsal istehsal texnologiyaları ilə birləşdirilməsinin növbəti nümunəsi hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   ABŞ   PUA  


Bizi "telegram"da izləyin