Türkiyə MMN: ŞKTC hava məkanını pozan təyyarələrə görə F-16-lar havaya qaldırılıb

2026/06/1781165685.jpg
Oxunub: 284     12:13     11 İyun 2026    
Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstan mətbuatında yer alan iddiaları təkzib edərək Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını pozan təyyarələr səbəbindən iki F-16 qırıcısının havaya qaldırıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə nazirliyin həftəlik mətbuat konfransında məlumat verilib.

Açıqlamaya görə, 2026-cı il iyunun 7-də Yunanıstan-Cənubi Kipr marşrutu üzrə uçuş həyata keçirən altı təyyarədən dördü Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını pozub.

Bunun ardınca ehtiyat tədbiri kimi iki F-16 qırıcısı havaya qaldırılıb.

Nazirlik vurğulayıb ki, Türkiyə təyyarələri Cənubi Kipr Rum Administrasiyasının hava məkanını pozmayıb və həmin hava vasitələrinə qarşı heç bir təzyiq və ya maneə fəaliyyəti həyata keçirilməyib.

“Regionda gərginliyi artırmağa və saxta zərərçəkmiş obrazı yaratmağa yönəlmiş təşəbbüslərin qəbul edilməsi mümkün deyil”, - deyə açıqlamada bildirilib.

Milli Müdafiə Nazirliyi Fransa ilə Cənubi Kipr arasında imzalanmış sazişə də münasibət bildirib.

Qeyd olunub ki, Kiprdə təminatçı statusuna malik olmayan Fransa ilə Cənubi Kipr arasında imzalanan və adadakı həssas balansı birtərəfli şəkildə dəyişdirməyi hədəfləyən saziş Kipr türklərinin iradəsini və suveren bərabər hüquqlarını nəzərə almır.

Nazirlik sənədin 1960-cı il Kipr müqavilələrinə və beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. Açıqlamada Türkiyənin təminatçı dövlət kimi Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini və hüquqlarını qorumaqda qərarlı olduğu bir daha bəyan edilib.

“Dünən olduğu kimi bu gün də Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və maraqlarını qorumağa, onun təhlükəsizliyini təmin etməyə davam edəcəyik”, - deyə bildirilib.

Nazirlik həmçinin Türkiyə Silahlı Qüvvələrinin Kipr türklərinin təhlükəsizliyini təhdid edən istənilən düşmən mövqeyinə qarşı ən sərt cavabı vermək gücünə və iradəsinə malik olduğunu vurğulayıb.

Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin inventarına yeni yerli müdafiə sistemlərinin daxil edildiyi açıqlanıb. Bu çərçivədə müəyyən sayda “Panter” haubitsasının qəbul sınaqları tamamlanaraq Quru Qoşunlarının inventarına daxil edilib.

Həmçinin ASELSAN tərəfindən hazırlanmış müəyyən sayda SERDAR 100 Sahil Müşahidə Radarı Hərbi Dəniz Qüvvələrinə, IDENTA D5000 Birləşmiş Sorğulayıcı-Cavablayıcı Tanıma Sistemi isə Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Nazirlik əlavə edib ki, MKE 2026-cı il iyunun 15-dən 19-dək Fransada keçiriləcək “Eurosatory 2026” sərgisində iştirak edərək yerli müdafiə məhsullarını beynəlxalq iştirakçılara təqdim edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MMN   ŞKTC  


Bizi "telegram"da izləyin