“Patriot” və IRIS-T üçün kritik addım: Ukrayna Almaniya ilə təhvil prosesinin sürətləndirilməsi barədə razılığa gəlib

2026/06/1781166439.jpg
Oxunub: 189     12:31     11 İyun 2026    
Ukrayna və Almaniya “Patriot” PAC-3 və IRIS-T hava hücumundan müdafiə raketlərinin Ukraynaya daha sürətli çatdırılması məqsədilə koordinasiyanın artırılması barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov ilə Almaniyanın müdafiə naziri Boris Pistorius arasında keçirilən görüşdən sonra məlumat yayılıb.

Tərəflər növbəti “Ramstein” formatlı toplantı ərəfəsində birgə fəaliyyətin detallarını müzakirə ediblər.

Görüşün əsas mövzularından biri “Patriot” sistemlərində istifadə olunan PAC-3 raketlərinin JUMPSTART mexanizmi çərçivəsində Ukraynaya daha sürətli çatdırılması olub.

Fedorov Almaniyanın bu prosesdə lider rol oynadığını və müttəfiqlərdən gələn sursat tədarükünün sürətləndirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib.

Tərəflər həmçinin daha əvvəl ayrılmış beynəlxalq maliyyə vəsaitlərinin Ukraynanın ən təcili müdafiə ehtiyaclarına yönəldilməsi məsələsini də müzakirə ediblər.

Görüşdə Almaniya istehsalı olan IRIS-T hava hücumundan müdafiə sistemləri üçün sursatların çatdırılmasının sürətləndirilməsi imkanları da nəzərdən keçirilib. Bundan başqa, ballistik raket təhdidlərinə qarşı həyata keçirilən təşəbbüslər və hava müdafiə imkanlarının genişləndirilməsi planları da müzakirə olunub.

Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin tərəfdaşlarına təqdim etdiyi müdafiə strategiyasının icrası davam edir. Nazirlik qeyd edib ki, Ukrayna qüvvələri Rusiyanın logistik xətlərinə zərbələr endirir və onun hərbi potensialını zəiflətməyə yönəlmiş dərin əməliyyatlar həyata keçirir.

Kiyev qarşıdakı altı-səkkiz aylıq dövrün kritik əhəmiyyət daşıdığını və təşəbbüsün hələ də Ukrayna Silahlı Qüvvələrinin əlində olduğunu bildirib. Ukrayna tərəfi beynəlxalq dəstəyin ən böyük təsir göstərə biləcək istiqamətlərə yönəldilməsini vacib hesab edir.

Prioritet ehtiyaclar sırasında “Patriot” PAC-3 raketləri, Çexiya təşəbbüsü çərçivəsində uzaqmənzilli sursatlar, PURL mexanizmi, Ukrayna istehsalı olan fiber-optik kabelli FPV kamikadze tipli Pilotsuz Uçuş Aparatları (PUA) və orta mənzilli dəqiq zərbə sistemləri göstərilib.

Görüş zamanı Ukraynanın PUA zərbə bölmələrinin genişləndirilməsi məsələsi də müzakirə olunub. Ukrayna Müdafiə Nazirliyi Almaniyanın bu təşəbbüsü dəstəkləyən ilk ölkə olduğunu bildirib.

Fedorov görüşdən sonra Almaniyaya təşəkkür edərək, Berlinin liderliyinin və müttəfiqlər arasında koordinasiyaya verdiyi dəstəyin Ukraynanın hava müdafiə və döyüş qabiliyyətlərinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Patriot   IRIS-T   Ukrayna   Almaniya  


Bizi "telegram"da izləyin