“Rheinmetall” 250 kiloqram yük daşıyan “Victor” U250 ağır yük PUA-sının istehsalı üçün müqavilə imzalayıb

2026/06/1781166030.jpg
Oxunub: 196     12:21     11 İyun 2026    
Almaniyanın müdafiə sənayesi nəhəngi “Rheinmetall” “Victor” U250 ağır yük Pilotsuz Uçuş Aparatının (PUA) Almaniyada istehsalı üçün ERC System və Şimali Reyn-Vestfaliya əyaləti ilə əməkdaşlıq sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, anlaşma memorandumuna 2026-cı il iyunun 10-da ILA Berlin 2026 sərgisi çərçivəsində imza atılıb.

Saziş 250 kiloqram faydalı yük daşıma qabiliyyətinə malik “Victor” U250 platformasının Almaniyada seriyalı istehsalına zəmin yaradır. “Victor” U250 hibrid-elektrik mühərrik sisteminə malik şaquli qalxma-enmə qabiliyyətli PUA kimi hazırlanıb.

Platforma 250 kiloqram faydalı yük daşıya, 300 kilometr məsafə qət edə və 250 km/saat sürətlə uçuş həyata keçirə bilir. Bundan başqa, uçuş-enmə zolağına ehtiyac olmadan şaquli qalxma və enmə imkanına malikdir.

Sistem helikopter kimi şaquli qalxdıqdan sonra sabit qanadlı uçuş rejiminə keçir və bununla da yüksək sürət və səmərəlilik əldə edir.

Layihənin əsas məqsədlərindən biri müasir döyüş meydanlarında ön xətt bölmələrinə təchizat çatdırılmasını asanlaşdırmaqdır. Son illərdə Ukraynadakı müharibə quru təchizat karvanlarının PUA hücumları, artilleriya atəşi və pusqular qarşısında həssas olduğunu göstərib.

“Victor” U250-nin sursat, tibbi ləvazimat, ehtiyat hissələri və digər vacib yükləri şəxsi heyəti riskə atmadan ön xəttə çatdırması nəzərdə tutulur. 300 kilometrlik uçuş məsafəsinin briqada səviyyəsində logistik mərkəzlərlə ön xətt bölmələri arasında əlaqə yaratmaq üçün kifayət etdiyi bildirilir.

Layihə çərçivəsində istehsal Almaniyanın ən böyük əyaləti olan Şimali Reyn-Vestfaliyada həyata keçiriləcək. 2029-cu ilə qədər yüzlərlə yeni iş yerinin yaradılması gözlənilir.

“Rheinmetall”in baş direktoru Armin Papperger bildirib ki, imzalanmış sənəd Almaniyada yeni nəsil insansız hava sisteminin sənayeləşdirilməsi üçün əsas yaradır.

“ERC System” şirkətinin kommersiya direktoru Maksimilian Oliqşleqer isə “Victor” U250-nin müdafiə, fövqəladə hallar və kommersiya logistikası sahələrində vacib ehtiyacları qarşılaya biləcək platforma olduğunu qeyd edib.

Bildirilir ki, platformadan hərbi logistika ilə yanaşı, təbii fəlakətlər zamanı yardım əməliyyatlarında, açıq dəniz platformalarının təchizatında, sahil logistikası və tibbi yardım daşımalarında da istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   PUA  


Bizi "telegram"da izləyin