Almaniya PUA-lara “hava-hava” raketlərinin inteqrasiyasını nümayiş etdirib

2026/06/cvbcv-1781166581.jpg
Oxunub: 192     12:34     11 İyun 2026    
Almaniyanın “Diehl Defence” şirkəti IRIS-T raketləri daşıya bilən “Cobra 600” adlı yeni Pilotsuz Uçuş Aparatı (PUA) əsaslı hava müdafiə sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, sistem ilk dəfə Almaniyanın paytaxtı Berlində keçirilən “ILA Berlin 2026” aviasiya sərgisində nümayiş olunub.

“Cobra 600” reaktiv mühərrikli PUA platformasını şirkətin həm yaxın mənzilli hava hücumundan müdafiə sistemlərində, həm də “hava-hava” tətbiqlərində istifadə etdiyi IRIS-T raketləri ilə birləşdirir.

Mütəxəssislərin fikrincə, sistem müəyyən mənada “raket taksisi” konsepsiyası əsasında qurulub. Belə ki, PUA IRIS-T raketini hədəf zonasına qədər daşıyır və raketin effektiv döyüş imkanlarını artırır.

“The War Zone” nəşrinin məlumatına görə, “Cobra 600” proqramı ötən il başlayıb və AirLAS (Air-Launched Attack System) konsepsiyasının bir hissəsidir.

IRIS-T raketi PUA-ya “Eurofighter” qırıcılarında istifadə edilən standart asqı dayağı vasitəsilə inteqrasiya olunur. PUA platforması Almaniyanın digər aviasiya şirkəti olan “Polaris Raumflugzeuge” tərəfindən hazırlanıb.

Platforma modifikasiya edilmiş “uçan qanad” arxitekturasına malikdir və qanad uclarında şaquli stabilizatorlarla təchiz olunub. Nümayiş etdirilən nümunə hər biri təxminən 9 kiloqram itələmə qüvvəsi yaradan iki ədəd “JetCat-P1000-PRO” turboreaktiv mühərriki ilə təchiz edilib.

Məlumata görə, platformada əlavə iki mühərrikin quraşdırılması üçün hava girişləri də mövcuddur. Bunun yalnız daha ağır faydalı yüklərin daşınması zamanı tətbiq ediləcəyi ehtimal olunur.

IRIS-T raketi ilə birlikdə “Cobra 600”-ün uçuş məsafəsinin təxminən 400 kilometr olduğu bildirilir. Müqayisə üçün qeyd olunur ki, IRIS-T SLM sistemində istifadə olunan raketin təxminən 40 kilometr, IRIS-T SLS sistemində istifadə olunan raketin isə təxminən 13 kilometr mənzili var.

Bu səbəbdən “Cobra 600” raketlərin tətbiq radiusunu əhəmiyyətli dərəcədə genişləndirə bilər. Platformanın əsas üstünlüklərindən biri müəyyən ərazidə patrul uçuşları həyata keçirərək potensial təhdidlərin meydana çıxmasını gözləyə bilməsi və ya konkret sektorların qorunması üçün döyüş hava patrulu missiyalarını yerinə yetirməsidir.

Bununla belə, hazırkı konfiqurasiyada “Cobra 600” üzərində hədəflərin aşkarlanması üçün ayrıca sensor kompleksi yoxdur. Sistem yalnız standart IRIS-T raketinin üzərində yerləşən infraqırmızı axtarış başlığından istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   PUA   Diehl-Defence  


Bizi "telegram"da izləyin