TCG “Derya” “Denizkurdu-2/2026” təlimində logistik imkanlarını nümayiş etdirir

2026/06/1781165630.jpg
Oxunub: 264     12:09     11 İyun 2026    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin TCG Anadolu gəmisindən sonra ikinci ən böyük platforması olan TCG “Derya” “Denizkurdu-2/2026” təlimində logistik dəstək və əməliyyat imkanları ilə diqqət çəkib.

Ordu.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin Qara dəniz, Mərmərə, Egey və Şərqi Aralıq dənizində keçirdiyi təlimdə iştirak edən TCG “Derya” Muğlanın Aksaz Dəniz Bazasından Şərqi Aralıq dənizinə yola düşüb.

Gəmi komandirinin “Bismillah vira” əmri ilə lövbər qaldırılıb və təlim fəaliyyətlərinə başlanılıb. Təlim çərçivəsində TCG Barbaros freqatı ilə açıq dənizdə görüşən TCG “Derya” təxminən bir saat davam edən yanacaq doldurma əməliyyatını uğurla icra edib.

Ssenariyə uyğun olaraq yaralanan bir hərbçi helikopterlə gəmiyə təxliyə olunaraq NATO standartlarına uyğun Rol-2 səviyyəli hospitalda müalicə olunub. TCG “Derya”nın komandiri, dəniz polkovniki Bülənt Selimoğlu bildirib ki, gəmi 2026-cı il iyunun 4-dən 14-dək keçirilən “Denizkurdu-2026” təlimində iştirak edir və təlimlər gələcək zabit və gizirlərin hazırlanmasına töhfə verir.

Onun sözlərinə görə, TCG “Derya” Türkiyə gəmiqayırma zavodlarında yerli imkanlarla inşa olunub və layihələndirmə tamamilə türk mühəndisləri tərəfindən həyata keçirilib. Selimoğlu qeyd edib ki, gəmi 2024-cü il yanvarın 19-da Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilib.

“TCG “Derya” 200 metr uzunluğu, 24 metr eni və 26 min ton subasımı qabiliyyətinə baxmayaraq 24 düyün sürətə çata bilir və bu xüsusiyyəti ilə dünyanın oxşar gəmilərindən fərqlənir”, - deyə o bildirib. Komandir vurğulayıb ki, gəmi yanacaq, ərzaq, torpedo və idarəolunan sursatların saxlanılması və ötürülməsi imkanları sayəsində dəniz əməliyyat qruplarının döyüş qabiliyyətinin fasiləsiz saxlanmasına imkan verir.

Bundan başqa, platforma komanda-idarəetmə, təmir-dəstək və tibbi xidmət funksiyalarını da yerinə yetirə bilir. Gəmidə əməliyyat otağı, reanimasiya bölməsi, laboratoriya, stomatoloji və yanıq müalicəsi bölmələri fəaliyyət göstərir. Bu imkanlar sayəsində fövqəladə hallarda humanitar və tibbi yardım göstərmək mümkündür.

Selimoğlu əlavə edib ki, TCG “Derya” ASELSAN tərəfindən hazırlanmış GÖKDENİZ yaxın mənzilli hava hücumundan müdafiə sistemi və STOP stabilləşdirilmiş top sistemi ilə təchiz olunub.

Onun sözlərinə görə, gəmi yaxın zamanda Atlantik okeanı və Baltik dənizində müttəfiq qüvvələrə logistik dəstək göstərib və gələcəkdə inşası davam edən milli aviadaşıyıcının əməliyyatlarında da mühüm rol oynaya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TCG-Derya   Denizkurdu  


Bizi "telegram"da izləyin