Ordu.az xəbər verir ki, bundan əvvəl MPT-76 MH versiyası Peru Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının sərgisində də nümayiş etdirilmişdi.
Məlumata görə, 2025-ci il noyabrın 7-də Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının təlim ilinin bağlanış mərasimində nümayiş etdirilən həmin tüfəngin snayper məktəbi tərəfindən istifadə edildiyi bildirilmişdi.
Türkiyə mühəndisləri tərəfindən hazırlanan MPT-76 tüfəngi 2016-cı ildə seriyalı istehsala buraxılıb. Tədarüklər davam edərkən sahədən əldə edilən rəylər əsasında silahın daha səmərəli istifadəsi üçün təkmilləşdirmə işləri aparılıb.
Bu çərçivədə MKE tərəfindən hazırlanan yüngülləşdirilmiş MPT-76 MH versiyasının kvalifikasiya prosesi 2021-ci ildə tamamlanıb. Aparılan dəyişikliklər nəticəsində silahın çəkisi 400 qramdan çox azaldılıb və ümumi çəkisi təxminən 3,75 kiloqrama endirilib.
MPT-76 MH Türkiyə Silahlı Qüvvələrinin əsas piyada tüfəngi olan MPT-76-nın modernləşdirilmiş və yüngülləşdirilmiş variantıdır. “MH” əlavəsi “Model Hafifletilmiş” ifadəsini təmsil edir.
Silahın hazırlanmasında əsas məqsəd onun dayanıqlılığını və döyüş xüsusiyyətlərini qorumaqla hərbçinin üzərinə düşən yükü azaltmaq olub. Bu məqsədlə silahın çəkisi təxminən 450-500 qram azaldılıb.
Erqonomikanın yaxşılaşdırılması üçün daha kompakt qundağın tətbiqi, qayış bərkitmə nöqtələrinin yenilənməsi və yeni nəsil əl qoruyucusunun quraşdırılması kimi dəyişikliklər həyata keçirilib. MPT-76 MH 7.62x51 mm NATO sursatından istifadə edir, qaz porşenli və fırlanan başlıqlı kilidləmə sisteminə malikdir.
Silahın effektiv atəş məsafəsi 600 metr, lülə uzunluğu 406 mm, daraq tutumu 20 patron, atəş tempi isə dəqiqədə 750 atəş təşkil edir.
Sevinc Əliyeva
Ordu.az