Kəşfiyyat üstünlüyü: Zelenskinin “anonsu” Kiyevin Kremlin hərbi sirlərinə bələdliyini necə sübut etdi?

2026/05/1779688975.jpg
Oxunub: 619     10:00     25 May 2026    
Mayın 24-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə “qisas” zərbələri endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Oreşnik”, “İsgəndər” və “Kinjal” raketlərindən istifadə olunub, zərbələr dənizdən, havadan və qurudan endirilib, “bütün hədəflər vurulub”.

Bundan əvvəl Ukrayna Prezidenti Zelenski kəşfiyyat məlumatlarına istinad edərək həmin zərbələri “anons etmişdi” ki, bu da Kiyevin həm öz imkanları, həm də tərəfdaş dövlətlərin dəstəyi ilə Rusiyanın hərbi sirlərinə bələd olduğunu göstərir.

Kiyevə endirilən zərbələrə münasibət bildirən Almaniya kansleri Merts “X” sosial şəbəkə platformasında Rusiya ordusunun “Oreşnik” raketlərindən istifadəsini “qətiyyətlə pisləyib” və bu hücumu “məntiqsiz eskalasiya” adlandırıb.

Eyni platformada Fransa Prezidenti Makron “Oreşnik”in istifadəsini “növbəti eskalasiya və aqressiv müharibədə çıxılmaz vəziyyətin göstəricisi” kimi qiymətləndirib və vurğulayıb ki, bundan sonra “Ukraynaya dəstək vermək, ədalətli və davamlı sülhə, Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş səylər yalnız güclənir”.

“Bu mənasız aqressiv müharibə dayandırılmalıdır. Biz Rusiyanın hərbi maşınına təzyiqləri davam etdirməli və Ukraynaya yardımımızı artırmalıyıq”, - deyə Finlandiya Prezidenti Strub yazıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin qiymətləndirməsinə görə isə “mülki əhaliyə qarşı terror artıq güc deyil, ümidsizlikdir”. O yekunlaşdırıb ki, “Oreşnik”in istifadəsi “qorxu aşılamaq taktikası və nüvə müharibəsinin sərhədində dəli oyundur”.

Rusiya Ukraynaya qarşı müharibədə eskalasiyaya ABŞ-nin faktiki olaraq münaqişənin nizamlanmasında vasitəçiliyi dayandırdığı bir şəraitdə gedir. Reaksiyalara əsasən, Moskvada narazıdırlar ki, Tramp “Zelenskini razı sala bilərdi, lakin kifayət qədər təzyiq göstərməyib”.

ABŞ dövlət katibi Rubionun ifadələrindən isə belə təəssürat yaranır ki, Vaşinqton vasitəçiliyi dayandırıb və ya təxirə salıb, çünki Putin Xerson və Zaporojye vilayətlərində təmas xətti boyunca atəşkəsə razılaşmayıb, eyni zamanda ABŞ-dən işğal olunmuş bütün Ukrayna ərazilərinin Rusiyaya məxsusluğunu de-yure tanımağı tələb edib.

Beləliklə, Rusiya ən azı müvəqqəti olaraq Donald Trampın siyasi dəstəyini itirir. Ukraynaya dəstək verməyə Avropa ölkələrinin və Avropa Komissiyasının hazırlığı nə qədər real olacaqsa, Rusiya da qarşıya qoyduğu “bütün məqsədlərə nail olmaqdan” bir o qədər uzaq qalacaq. Mertsin, Makronun, Strubun və Lyayenin açıqlamaları göstərir ki, Ukraynada Rusiya-Avropa müharibəsi gedir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Zelenski   Putin  


Bizi "telegram"da izləyin