Cəbhədə robotlar dövrü başlayır: Ukraynanın yeni texnologiyaları Rusiyanı “stalinçi səfərbərliyə” məcbur edir?

2026/06/1780596946.jpg
Oxunub: 231     22:15     04 İyun 2026    
Rusiyalı filosof, avrasiyaçılıq ideologiyasının müəlliflərindən biri Aleksandr Duqin Ukrayna müharibəsinin iştirakçısı olan “bir hərbçinin” paylaşımına münasibət bildirib. Həmin hərbçi narahatlığını ifadə edərək yazıb ki, Ukrayna artıq cəbhədə istifadə üçün ilk robotları əldə edib.

Duqin Rusiyanın hakimiyyət dairələrini “tarixi proseslərdən geri qalmaqda” tənqid edib. Onun fikrincə, “səfərbərlik 2014-cü ildə, ən gec halda isə 2022-ci ildə elan edilməli idi”. Ukrayna ilə müharibədə texnoloji rəqabət nəticəsində yaranmış geriliyin aradan qaldırılması üçün o, yalnız bir çıxış yolu görür. Bu isə “stalinçi səfərbərlik və elitaların köklü şəkildə dəyişdirilməsi”dir.

Rusiyada ümumi səfərbərlik elan olunacağı ilə bağlı məlumatlar beynəlxalq mediada artıq uzun müddətdir ki, yayılır. Moskva bunu bir neçə dəfə təkzib etsə də, Kremlin ideoloqu Duqinin fikirləri göstərir ki, Rusiya rəhbərliyi Ukrayna məsələsində “istənilən qiymətə qələbə qazanmaq” variantını seçib. Ukraynanı canlı qüvvə hesabına məğlub etmək üçün Rusiyanın daha 1,5 milyon nəfəri hərbi xidmətə cəlb etməsi lazım gələcək. Hərbi ekspertlər ən azı bu qənaətdədirlər.

Onlar eyni zamanda hesab edirlər ki, “Belarus ərazisindən ikinci cəbhə açılmadan Kiyevi ələ keçirmək mümkün deyil”. Artıq beşinci ildir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı müharibəyə birbaşa qoşulmaqdan yayınır. Hazırkı mərhələ isə Rusiya üçün, görünür, taleyüklü məqamdır və Belarus ərazisindən Ukraynaya qarşı hərbi əməliyyatların başlanması ehtimalı istisna edilmir.

Vəziyyət həqiqətən də kritik həddə çatıb. İyunun 3-də NATO-nun Baş katibi Mark Rütte Kiyevə səfər edib və Rusiya Prezidenti Vladimir Putini açıq şəkildə ələ salaraq bildirib ki, o, “qələbə paradını Ukrayna Prezidentinin fərmanı ilə müəyyən edilmiş müddətdə keçirib”. Moskvanın cavabı özünü çox gözlətməyib.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxış edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Rusiya öz ərazi bütövlüyünə qarşı təhdid yaranacağı təqdirdə, hətta nüvə silahına malik olmayan ölkələrə qarşı da nüvə silahından istifadə edə bilər. Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri Rusiya Konstitusiyasına görə ölkənin “ayrılmaz hissəsi” hesab olunur.

Ryabkovun açıqlamasından belə nəticə çıxarmaq olar ki, Rusiya Ukrayna müharibəsini öz ərazi bütövlüyünə qarşı yönəlmiş təhdid kimi qiymətləndirir və “onu qorumaq üçün nüvə silahından istifadə etməklə” hədələyir. Rusiya xarici işlər nazirinin müavini bununla yanaşı, ünvanlandığı ölkələri onun bəyanatına “son dərəcə ciddi yanaşmağa” çağırıb.

Belə təəssürat yaranır ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsini Karib böhranı səviyyəsinə çatdırmağı qarşısına məqsəd qoyub ki, nüvə apokalipsisindən yayınmaq üçün ABŞ və Avropanın nüvə dövlətləri onun Ukraynadakı ərazi qazanclarını tanımağa məcbur olsunlar. Lakin sual yaranır: bu, doğrudanmı son həddir?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin