Ermənistan ƏİİN: ABŞ-nin təklifi ilə AES-in əvəzlənməsi məsələsində yekun qərar verilməyib

2026/06/1780650416.jpg
Oxunub: 192     13:03     05 İyun 2026    
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Ermənistan Atom Elektrik Stansiyasının (AES) yeni nəsil Amerika kiçik modul reaktorları ilə əvəzlənməsi imkanlarına dair ilkin texniki-iqtisadi əsaslandırmanın tam paketini əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə “News.am”ın sorğusuna cavab olaraq Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Asatur Vardanyan məlumat verib.

Onun sözlərinə görə, ABŞ-nin “Sargent & Lundy” şirkəti tərəfindən hazırlanmış qiymətləndirmə sənədləri nazirliyə təqdim olunub.

Erməni nazir müavini bildirib ki, Ermənistan hazırda müxtəlif ölkələrin təkliflərini, o cümlədən Amerika mənşəli dörd növ kiçik modul reaktor texnologiyasını nəzərdən keçirir.

“Bu mərhələdə hər hansı texnologiya ilə bağlı yekun mövqe formalaşmayıb və müvafiq qərarların qəbul olunması və ya rəsmi mövqenin açıqlanması üçün konkret vaxt müəyyən edilməyib. Texnologiyaların qiymətləndirilməsi və müzakirəsi prosesi davam edir”, - deyə Vardanyan qeyd edib.

Xatırladaq ki, 2026-cı il mayın 19-dan 22-dək “Sargent & Lundy” şirkətinin ekspertləri Ermənistanda səfərdə olublar.

ABŞ səfirliyinin yaydığı məlumata görə, şirkətin mütəxəssisləri Ermənistan rəsmiləri ilə birlikdə AES-in qabaqcıl Amerika kiçik modul reaktorları ilə əvəz olunmasının məqsədəuyğunluğuna dair ilkin texniki-iqtisadi qiymətləndirməni başa çatdırıblar.

Hesabatda Ermənistan üçün ABŞ istehsalı olan dörd növ kiçik modul reaktorun nəzərdən keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Qeyd edək ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında 2027-ci ilin sonunadək yeni nüvə enerji blokunun texnologiyasının yekun seçiminin müəyyənləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda proqramın 75-ci bəndinə əsasən AES-in fəaliyyət göstərən ikinci enerji blokunun istismar müddətinin 2026-2036-cı illər üçün yenidən uzadılması planlaşdırılır.

Bu isə Ermənistanın yaxın illərdə də Rusiya nüvə texnologiyalarından istifadə etməyə davam edəcəyini göstərir. Mütəxəssislər qeyd edirlər ki, Ermənistan Atom Elektrik Stansiyası ölkə üçün strateji əhəmiyyət daşıyır. Stansiya ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 30 faizini təmin edir və enerji sisteminin əsas dayaqlarından biri hesab olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   AES  


Bizi "telegram"da izləyin