Ordu.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında deyib ki, konfransda çıxışında Azərbaycanda qadınlar barəsində həyata keçirilən dövlət siyasətinə dair tədbir iştirakçılarına geniş məlumat verib. Həyatın bütün sahələrində qadınların təmsilçiliyinin artırılması istiqamətində görülən işlərdən danışıb.
Spiker o cümlədən Milli Məclisdə qadınların təmsil olunması və parlamentin fəaliyyətində qadın deputatların iştirakı ilə bağlı faktları nəzərə çatdırıb.
Qadınların dəstəklənməsi mexanizmlərinin inkişafında və gender bərabərliyi prinsiplərinin möhkəmlənməsində Prezident İlham Əliyevin imzaladığı sərəncamların, milli fəaliyyət planlarının və dövlət proqramlarının rolunu da xüsusi qeyd edib.
“Öz çıxışımda mən digər məsələlərlə yanaşı, onu da qeyd etdim ki, real gender bərabərliyinin əldə olunması təkcə qanunvericiliyin təkmilləşdirilməsindən asılı deyil. İctimai şüurda dərin və köklü dəyişikliklər baş verməlidir. Hüquq bərabərliyinə nail olmaq yolunda ən böyük problem isə qadınların imkanlarını məhdudlaşdıran gender stereotipləri və neqativ sosial normalardır”.
S.Qafarova vurğulayıb ki, nümayəndə heyətinin üzvü olan Milli Məclisin deputatları konfrans çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etdilər.
Milli Məclisin sədri qeyd edib ki, səfər çərçivəsində Parlamentlərarası İttifaqın və ATƏT-in Parlament Assambleyasının prezidentləri, habelə Parlamentlərarası İttifaqın yeni seçilmiş baş katibi, vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü və Qadın Parlamentarilər Forumu Bürosunun sədri, eləcə də Serbiya və Zimbabve parlamentlərinin sədrləri, Mərakeş və Mavritaniya parlamentlərinin sədr müavinləri ilə, ümumilikdə 9 görüş keçirib:
“Görüşlərdə beynəlxalq parlament təşkilatları çərçivəsində iş birliyi, həmçinin qanunvericilik orqanları arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb”.
O həmçinin bildirib ki, səfər zamanı Belqradın Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini nümayəndə heyət ilə ziyarət edilib və Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Ordu.az