Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın 168.am nəşri “Hakimiyyət elitasının milyonları” başlıqlı məqaləsində yazıb.
Nəşrin yazdığına görə, hakimiyyət nümayəndələri seçki kampaniyası dövründə pensiyaların artırılmasını tez-tez xatırladır, bununla təqaüdçülərin həyatında böyük irəliləyiş yaratdıqlarını, onların artıq yoxsul olmadıqlarını və hətta pensiya hesabına kurortlarda istirahət edə biləcəklərini iddia edirlər.
Məqalədə qeyd olunur ki, bu cür bəyanatları bir kənara qoyaraq, pensiyaları illər sonra cəmi 10 min dram artıran hakimiyyətin eyni dövrdə öz həyatını necə dəyişdirdiyinə diqqət yetirmək lazımdır.
Nəşr yazır ki, adi vətəndaşlar bir neçə on min dram pensiya və ya maaşla dolanmağa çalışdıqları halda, hakimiyyət elitası dövlət büdcəsi və vergi ödəyicilərinin vəsaiti hesabına on milyonlarla dram gəlir əldə edib.
“168.am” xatırladır ki, son rəsmi statistikaya görə, bu ilin mart ayında Ermənistanda orta aylıq əməkhaqqı 329 min dram olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağıdır. Belə ki, ötən ilin mart ayında orta əməkhaqqı 333 min dram təşkil edib.
“Vergilər çıxıldıqdan sonra orta maaş təxminən 240 min dram səviyyəsində olur. Bununla belə, işləyən vətəndaşların əksəriyyəti bundan da aşağı maaş alır. Çalışanların təxminən yarısının maaşı 200 min drama belə çatmır. Söhbət ümumi maaşdan gedir və vergilər çıxıldıqdan sonra bu məbləğ 150 min dramdan da aşağı düşür.
Maaşları orta göstəricidən qat-qat yüksək olan xüsusi bir qrup da mövcuddur. Lakin onlar ümumi çalışanların cəmi 10-15 faizini təşkil edir. Bu qrupun içərisində aylıq maaşı 2 milyon dramdan çox olanlar da var. Onlar çalışanların cəmi 1-1,5 faizini təşkil edir və hakimiyyət elitası da məhz bu qrupa daxildir”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edir ki, həmin şəxslərin maaşları və maaşa bərabər digər gəlirləri son illərdə bir neçə dəfə artıb.
“Əgər 3-4 il əvvəl onlar ayda təxminən 1 milyon dram alırdılarsa, indi 2,5-3 milyon dram alırlar. Elə həmin insanlar da pensiyaların 10 min dram artırılmasını böyük uğur kimi təqdim edir, təqaüdçülərə böyük yaxşılıq etdiklərini və onların həyatında dönüş yaratdıqlarını bildirirlər. Pensiyaları 10 min dram artırıblar, amma öz maaşlarını və maaşa bərabər gəlirlərini milyonlarla dram yüksəldiblər”, - deyə məqalədə bildirilib.
“168.am” nümunə kimi Nikol Paşinyanı göstərib.
Nəşrin yazdığına görə, sosial ədalətdən, pensiyaların artırılmasından və təqaüdçülərin həyat şəraitinin yaxşılaşdırılmasından danışan Nikol Paşinyan bu ilin aprel ayından əvvəlki son bir il ərzində maaş və maaşa bərabər digər ödənişlər şəklində təxminən 32 milyon dram gəlir əldə edib.
Məqalədə qeyd olunur ki, bu gəlirlərə mükafatlar və son dövrlərdə tətbiq edilən həvəsləndirici ödənişlər də daxildir.
Nəşrin hesablamalarına görə, bu məbləğ illik təxminən 85 min ABŞ dollarına bərabərdir.
“168.am” sual edir ki, eyni dövrdə 500 mindən çox təqaüdçü və maaşı 200 min dramı keçməyən 400 mindən artıq işləyən vətəndaş nə qədər gəlir əldə edib?
“Son artımdan əvvəl Ermənistanda orta pensiya 50 min drama belə çatmırdı. Bu isə o deməkdir ki, orta hesabla bir təqaüdçü il ərzində təxminən 600 min dram pensiya alıb. Təqaüdçünün bir illik pensiyası belə hakimiyyət nümayəndələrinin bir aylıq maaşından və digər gəlirlərindən bir neçə dəfə azdır”, - deyə müəllif yazıb.
Məqalədə xarici işlər naziri Ararat Mirzoyanın nümunəsi də gətirilir.
Nəşrin məlumatına görə, hakimiyyətə gəlməzdən əvvəl kreditlə tozsoran almaqda çətinlik çəkdiyi iddia olunan Ararat Mirzoyan son bir il ərzində orta hesabla aylıq 2,5 milyon dram maaş və digər gəlirlər əldə edib.
“İndi hesablayın, Ararat Mirzoyanın bir aylıq maaşı təqaüdçünün bir illik pensiyasını neçə dəfə üstələyir. Məlum olur ki, vaxtilə kreditlə tozsoran ala bilməyən Ararat Mirzoyanın bir aylıq gəliri təqaüdçünün bütün illik pensiyasından dörd dəfədən çoxdur”, - deyə məqalədə bildirilib.
“168.am” qeyd edir ki, Ararat Mirzoyan bir ay ərzində maaş şəklində işləyən vətəndaşların yarısının bir il ərzində qazandığından daha çox gəlir əldə edir.
Nəşr yazır ki, buna görə də indi o, kreditlə tozsoran almaq deyil, yüz minlərlə dollar dəyərində villa almaq imkanına malikdir. Məqalədə ədliyyə naziri Srbuhi Qalyanın da sözlərinə toxunulub.
Nəşrin yazdığına görə, Qalyan 200 min dollarlıq ev almaq imkanına malik olduğunu bildirib. “168.am” qeyd edir ki, son bir il ərzində Srbuhi Qalyan maaş və maaşa bərabər gəlirlər şəklində təxminən 26 milyon dram əldə edib.
“Dövlətdən bu qədər maaş alan şəxs təkcə 200 min deyil, 400 min dollarlıq mənzil də ala bilər. Hakimiyyət daxilində Srbuhi Qalyandan da yüksək gəlir əldə edən şəxslər var. Baş nazir Aparatının rəhbəri son bir il ərzində təxminən 35 milyon dram maaş və digər gəlirlər əldə edib ki, bu da 100 min dollara yaxın məbləğdir.
Baş nazir Aparatının rəhbəri dövlət sistemində ən yüksək maaş alan məmurlardan biridir. Ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan da təxminən eyni həcmdə gəlir əldə edib. Digər nazirlər daha az qazansalar da, onların gəlirləri də kifayət qədər yüksək olub.
Səhiyyə naziri Anahit Avanesyan 27,7 milyon dram, müdafiə naziri Suren Papikyan 29,5 milyon dram, iqtisadiyyat naziri Gevorq Papoyan 29 milyon dram, maliyyə naziri Vahe Ovannisyan isə 28 milyon dramdan çox gəlir əldə edib”, - deyə müəllif bildirib.
“168.am” son dövrlərdə geniş yayılmış “hökumət nümayəndələri” və ya “idarəçilər” mövzusuna da toxunub.
Nəşr yazır ki, bəzi hallarda onların maaşları hətta Baş nazirin və nazirlərin gəlirlərini üstələyir. Məsələn, Samvel Karapetyana məxsus Ermənistan Elektrik Şəbəkələrinin müvəqqəti idarəçisi vəzifəsini tutmuş Romanos Petrosyan 8-9 ay ərzində təxminən 38 milyon dram, yəni 100 min dollardan çox maaş alıb.
Digər nümunə kimi hökumətin “Lydian Armenia” şirkətindəki nümayəndəsi Qnel Sanosyan göstərilir.
Nəşrin məlumatına görə, o, daha da çox. 56 milyon dram və ya təxminən 150 min dollar gəlir əldə edib.
Məqalənin sonunda vurğulanır ki, bunlar hakimiyyət elitasının yalnız kiçik bir hissəsidir.
“Dövlət hesabına milyonlarla dram qazananların sayı daha çoxdur. Bu insanların əksəriyyəti əvvəllər belə gəlirləri yuxularında belə görə bilməzdilər. İndi isə milyonlarla oynayırlar”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az