Ordu.az xəbər verir ki, bu barədə Baş nazir "Report"un Balkan bürosuna müsahibəsində bildirib.
"İrəvanda görüşümüz zamanı (Avropa Siyasi Birliyinin sammitində, - red.), Prezident Zelenskidən Azərbaycan nefti və qazının Ukrayna ərazisindən nəqlinə icazə verib-verməyəcəyini soruşdum. O, bunun mümkün olduğunu söylədi", - Babiş deyib.
O qeyd edib ki, Çexiya Azərbaycanla qaz tədarükünə dair əldə olunmuş "bütün razılaşmaları yerinə yetirməlidir.
"Hazırda Azərbaycan nefti və qazına böyük tələbat var və biz əvvəllər əldə etdiyimiz razılaşmaları həyata keçirməyə çalışırıq. Bu, bizim üçün vacibdir, çünki yanacağı Bratislavadakı neft emalı zavodundan (Macarıstanın MOL qrupuna məxsusdur - red.) alırıq. Çexiya yanacağın təxminən 30 %-ni idxal edir, buna görə də bu xammalın tədarükü böyük əhəmiyyət kəsb edir", - Babiş vurğulayıb.
Onun sözlərinə görə, "Azərbaycan Çexiyaya xam neftin ən böyük tədarükçüsüdür".
Çexiya Baş naziri qeyd edib ki, Bakı və Praqa ticarət münasibətlərini də inkişaf etdirir, xüsusilə birgə müəssisələrin yaradılmasını müzakirə edir.
"Məsələn, Çexiyanın pivə istehsalçısı olan "Budějovický Budvar" şirkəti artıq Azərbaycanda birgə müəssisənin yaradılması imkanını müzakirə etməyə başlayıb", - Babiş deyib.
Hökumət başçısı əlavə edib ki, Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek bu il iş adamlarından ibarət nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər edəcək.
Qeyd edək ki, daha əvvəl Çexiyanın Azərbaycandan ildə 2 milyard kubmetrdək qaz almağı planlaşdırdığı barədə məlumat verilmişdi.
Ordu.az