“2026-cı il dekabrınadək Ermənistanla bağlı fəaliyyət variantları AİB liderlərinə təqdim olunacaq” - Overçuk

2026/06/1780640555.jpg
Oxunub: 200     10:23     05 İyun 2026    
Rusiyanın baş nazir müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyində gələcək statusu ilə bağlı mümkün fəaliyyət variantları üzrə hesabat 2026-cı il dekabrınadək təşkilat rəhbərlərinə təqdim ediləcək.

Ordu.az xəbər verir ki, Overçuk bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

Rusiyalı rəsmidən Ermənistanın üzvlüyünün dondurulması və ya digər mümkün mexanizmlərin artıq müzakirə olunub-olunmadığı soruşulub.

O bildirib ki, hazırda söhbət konkret qərarlardan deyil, müxtəlif ssenarilərin hazırlanmasından gedir.

“Hazırda məqsəd mümkün fəaliyyət variantlarını nəzərdən keçirmək və onları dekabr ayınadək üzv dövlətlərin liderlərinə təqdim etməkdir”, - deyə Overçuk bildirib.

Onun sözlərinə görə, yaxın aylarda məsələni araşdırmaq üçün xüsusi işçi qrupunun yaradılması gözlənilir.

“Belə hallarda adətən işçi qrupu formalaşdırılır və maraqlı tərəflər həmin qrupa cəlb olunur. Avrasiya Hökumətlərarası Şurasının üzvlərinə bu məsələni araşdırmaq tapşırılıb. Onlar vəziyyəti qiymətləndirəcək və öz təkliflərini Avrasiya Ali İqtisadi Şurasına təqdim edəcəklər”, - deyə Rusiya baş nazirinin müavini qeyd edib.

Overçuk vurğulayıb ki, yekun müzakirələrin 2026-cı il dekabrında Sankt-Peterburqda keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında aparılması nəzərdə tutulur.

Onun sözlərinə görə, həmin vaxta qədər Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə münasibətlərinin gələcək istiqamətləri, Avropa İttifaqına inteqrasiya prosesinin mümkün təsirləri və təşkilatın cavab addımları ilə bağlı müxtəlif variantlar hazırlanacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Overçuk  


Bizi "telegram"da izləyin