Paşinyan: “Lazım gələrsə, KTMT-dən çıxacağıq”

2026/06/1780637228.jpg
Oxunub: 285     09:29     05 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin zərurət yaranacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edə biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Paşinyan İctimai Televiziyanın efirində keçirilən seçkiqabağı debat zamanı “Güclü Ermənistan” partiyalar blokunun lideri Narek Karapetyanın sualını cavablandırarkən danışıb.

Paşinyan vurğulayıb ki, Ermənistanın xarici siyasət və təhlükəsizlik sahəsində atacağı addımları yalnız ölkə rəhbərliyi müəyyənləşdirəcək.

“Qərarları biz verəcəyik, xarici agentlər verməyəcək. Biz imkan verməyəcəyik ki, Aleksandr Lukaşenko yenidən Ermənistanın təhlükəsizlik təminatçısı rolunda çıxış etsin”, - deyə Paşinyan bildirib.

Narek Karapetyan isə KTMT ilə bağlı mövcud vəziyyətin qeyri-müəyyən olduğunu qeyd edərək hakimiyyətin təşkilata münasibətinə aydınlıq gətirməsini tələb edib.

“Üzvlüyü dondurmusunuzsa, bunun mənası nədir? Əgər KTMT işləmir və Ermənistanın maraqlarını qorumursa, onda təşkilatdan çıxın. İlk növbədə isə Ermənistan və Azərbaycan arasında etibarlı təhlükəsizlik təminatçısı tapılmalıdır”, - deyə Karapetyan bildirib.

Paşinyan bu fikirlərə sərt reaksiya verərək Ermənistanın gələcək addımlarını heç kimin diktə edə bilməyəcəyini vurğulayıb.

“Bəli, lazım gələrsə, KTMT-dən çıxacağıq. Siz bizi bununla qorxudursunuz? Nə siz qərar verəcəksiniz, nə də başqa kimsə. Qərarı Ermənistan verəcək. Lazım olsa çıxacağıq. Ermənistanın əsas təminatçısı isə öz dövlətidir, öz ordusudur”, - deyə Paşinyan qeyd edib.

Paşinyanın bu açıqlaması Ermənistanın son illərdə KTMT ilə münasibətlərində yaranmış gərginlik fonunda xüsusi diqqət çəkib. İrəvan dəfələrlə təşkilatı Ermənistanın təhlükəsizlik problemlərinə adekvat reaksiya verməməkdə ittiham edib və son dövrdə KTMT tədbirlərində iştirakını minimuma endirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin