“Hraparak”: Ermənistan Müdafiə Nazirliyinin qarşısında səkiyə oturduğu üçün ev dustaqlığı verilib

2026/06/1780638597.jpg
Oxunub: 188     09:52     05 İyun 2026    
Ermənistanda sakinlərdən biri Müdafiə Nazirliyinin qarşısında baş vermiş insidentdən sonra ev dustaqlığına məhkum edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, təxminən iki ay əvvəl Ermənistan vətəndaşı Koryun Hakopyan ilə Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları arasında insident baş verib.

“Hüquq-mühafizə orqanlarının versiyasına əsasən, Koryun Hakopyan axşam saatlarında nazirliyin binasının qarşısındakı səki kənarında oturaraq spirtli içki qəbul edib. Nazirliyin təhlükəsizlik əməkdaşları ona yaxınlaşaraq ərazini tərk etməsini tələb ediblər. Vətəndaş isə buna cavab olaraq “Bu mənim ölkəmdir, istədiyim yerdə oturaram” deyib”, - deyə nəşr yazıb.

Qeyd olunur ki, hadisə bununla bitməyib.

“Müdafiə Nazirliyinin əməkdaşları vətəndaşı ərazidən uzaqlaşdırmağa çalışıblar. O isə etiraz edib, hökumət üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra o saxlanılıb, cinayət işi başlanılıb və təqsirləndirilən şəxs qismində cəlb olunub”, - deyə nəşr bildirib.

“Hraparak” yazır ki, Hakopyana qarşı rəsmi ittiham Müdafiə Nazirliyinin əməkdaşlarının fəaliyyətinə mane olmaq maddəsi ilə irəli sürülüb.

“Koryun Hakopyan barəsində əvvəlcə ev dustaqlığı qətimkan tədbiri seçilib, daha sonra isə bu qərar ölkədən çıxışa qadağa ilə əvəz olunub”, - deyə nəşr qeyd edib.

Qəzet onun vəkili Eduard Ağacanyanla əlaqə saxladığını da bildirib.

“İşin bütün təfərrüatlarını yaxşı xatırlamıram, amma belə bir müdafiə etdiyim şəxs var”, - deyə erməni vəkil nəşrə bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin