Fransa və Serbiyadan Cənubi Kiprə silah tədarükü həyata keçirilib

2026/06/sdfsd-1780646491.jpg
Oxunub: 183     12:03     05 İyun 2026    
BMT-nin Adi Silahlar Reyestrinin (UNROCA) hesabatına əsasən, Cənubi Kipr 2025-ci ildə Fransa və Serbiyadan müxtəlif silah sistemləri tədarük edib.

Ordu.az xəbər verir ki, hesabatda Cənubi Kipr Rum Administrasiyasının çoxnamiləli raketatar sistemləri və yüngül hücum helikopterləri əldə etdiyi bildirilib.

Məlumata görə, bu addım administrasiyanın ada və Şərqi Aralıq dənizində hərbi imkanlarını artırmağa yönəlmiş modernləşdirmə proqramının tərkib hissəsi kimi qiymətləndirilir.

BMT-yə təqdim olunan məlumatlara əsasən, Serbiyadan 3 ədəd “Tamnava” çoxnamiləli raketatar sistemi, Fransadan isə 5 ədəd H145M yüngül hücum helikopteri tədarük olunub. “Tamnava” həm 122 mm, həm də 262 mm çaplı raketlərdən istifadə edə bilən modul quruluşlu atəş dəstək platformasıdır.

Sistem qabaqcıl Atəş İdarəetmə Sistemi, INS/GPS əsaslı naviqasiya, avtomatik istiqamətləndirmə, meteoroloji sensorlar və ballistik hesablama sistemləri sayəsində tam avtonom fəaliyyət göstərə bilir. “Tamnava” 262 mm raketlərlə 70 kilometrə, 122 mm raketlərlə isə 40 kilometrə qədər effektiv mənzilə malikdir.

Platforma 8x8 təkər formuluna malik MAN TGS 41-480 yük maşını üzərində qurulub və üç nəfərlik heyətlə idarə olunur. Fransanın “Safran Helicopter Engines” şirkəti tərəfindən hazırlanmış iki ədəd Arriel 2E mühərriki ilə təchiz edilən H145M helikopterləri isə FADEC rəqəmsal mühərrik idarəetmə sistemi ilə təchiz olunub.

Helikopterlər həmçinin yüksək performanslı dörd oxlu avtopilot sisteminə malik “Helionix” rəqəmsal avionik kompleksi ilə təchiz edilib. Modul silah inteqrasiyası imkanlarına malik H145M helikopterləri “HForce” silah sistemi vasitəsilə həm idarəolunmayan, həm də yüksək dəqiqlikli idarəolunan sursatlardan istifadə edə bilir.

H145M sınaqlardan keçmiş H145 helikopterinin hərbi versiyası hesab olunur. H145 ailəsinə məxsus helikopterlər indiyədək dünya üzrə 8 milyondan çox uçuş saatı yerinə yetirib. Məlumata görə, H145M helikopterlərinin ilk iki ədədi 2025-ci ilin martında təhvil verilib və ümumilikdə altı helikopterin çatdırılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Serbiya   Cənubi-Kipr  


Bizi "telegram"da izləyin