Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrin məlumatına görə, 2018-ci ildə Nikol Paşinyanın həyata keçirdiyi hakimiyyət dəyişikliyini böyük həvəslə qarşılayan və katolikosu hər vasitə ilə ona loyal davranmağa təşviq edən eyni dairələr indi kəskin anti-Paşinyan mövqeyi tutaraq və seçki eyforiyasına qapılaraq öz “PR məsləhətləri” ilə yenidən II Qaregini çətin vəziyyətə salırlar.
“Bunu, əlbəttə ki, mövcud hakimiyyətin uzaqlaşdırılmasına verilən mənəvi töhfə kimi təqdim edirlər, əslində isə ona arxadan zərbə vururlar”, - deyə nəşr qeyd edib.
Nəşrin mənbələrinin məlumatına görə, bəzi qapalı müzakirələr zamanı müəyyən şəxslərin ağlında belə bir fikir formalaşıb ki, əgər seçkilərdə hakimiyyət dəyişikliyi baş verməsə, küçədə real inqilabi dalğa yalnız II Qareginin həbs olunacağı halda yarana bilər.
“Buna görə də hər tərəfdən katolikosa “ayı xidməti” göstərilir, onu mümkün qədər müəyyən dar çevrələrin siyasi və şəxsi maraqlarının mərkəzinə çəkməyə çalışırlar. Nikol Paşinyan seçki kampaniyası zamanı II Qaregin mövzusundan mümkün qədər uzaq dayanmağa çalışır.
Faktiki olaraq paradoksal vəziyyət yaranıb. Ruhani-müxalifət dairələri seçkilərdən sonra kəskin emosional fon yaratmaq üçün katolikosun uzaqlaşdırılmasına, hətta həbsinə qədər gedib çıxan ssenariləri təşviq edirlər. Nikol Paşinyan üçün isə əksinə, belə bir ssenari heç də sərfəli deyil”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az