Trampın adı bir həftə ərzində Kennedi Mərkəzinin fasadından götürüləcək

2026/06/1780640141.jpg
Oxunub: 189     10:14     05 İyun 2026    
ABŞ-də federal məhkəmənin qərarına əsasən Donald Trampın adı Kennedi Mərkəzinin rəsmi adından və binanın fasadından çıxarılacaq.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Məlumata görə, Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzi məhkəmənin qərarının icrasına başlayıb. Qərara əsasən, müəssisə 2026-cı il iyunun 12-dək Prezident Donald Trampın adını həm rəsmi addan, həm də binanın ön hissəsindən silməlidir.

Mərkəzin əməkdaşlarına göndərilən daxili xidməti məktubda bildirilib ki, elektron imzalar, rəsmi blanklar və digər materiallar dərhal yenilənməli, müəssisənin əvvəlki adı bərpa edilməlidir.

Həmçinin istiqamətləndirici lövhələrin, məlumat nişanlarının və interyer elementlərinin dəyişdirilməsi işlərinin bir həftə ərzində tamamlanması tapşırılıb.

Ötən həftə federal hakim Kristofer Kuper Ohayo ştatından demokrat konqresmen Coys Bittinin iddiasını təmin edib. Hakim qərarında qeyd edib ki, Kennedi Mərkəzinin Himayəçilər Şurası 2025-ci il dekabrın ayında müəssisənin adının dəyişdirilməsi barədə səsvermə keçirərkən səlahiyyət həddini aşıb.

Həmin qərara əsasən, mərkəzin adı “Donald J. Trump and John F. Kennedy Memorial Performing Arts Center” olaraq dəyişdirilmişdi.

Məhkəmə vurğulayıb ki, Konqresin aktı ilə yaradılmış bir qurumun adının dəyişdirilməsi yalnız qanunvericilərin qərarı ilə mümkündür və bu məsələ Himayəçilər Şurasının səlahiyyətlərinə daxil deyil.

Qərarda həmçinin qeyd olunub ki, ilkin qadağa mərkəzin yenidənqurma işləri üçün bağlanmasını istisna etmir. Bunun üçün şura məsələyə yenidən baxmalı və müəssisənin bütün öhdəliklərini nəzərə almalıdır.

Mərkəzin mətbuat xidmətinin yaydığı açıqlamada rəhbərliyin məhkəmə qərarını yerinə yetirdiyi, eyni zamanda təşəbbüsün qorunub saxlanılması və Prezident Trampın xidmətlərinin tanınması üçün hüquqi imkanları qiymətləndirdiyi bildirilib.

Açıqlamada qeyd olunur ki, rəhbərlik 257 milyon dollar dəyərində genişmiqyaslı yenidənqurma layihəsinin başlanmasının planlaşdırıldığı iyulun 5-dən sonra mərkəzin fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı əlavə məlumat verəcək.

Mühəndis sistemlərinin yenilənməsini və əsas zalların təmirini əhatə edən layihə ilk dəfə 2024-cü ildə başlanılsa da, müxtəlif səbəblərdən dəfələrlə təxirə salınıb.

Tramp prezidentliyinin ikinci dövründə Himayəçilər Şurasının bir sıra üzvlərini öz müttəfiqləri ilə əvəz edib. Daha sonra şura onu öz sədri seçib və yenilənmiş tərkib məhz mərkəzin adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.

Amerika mediasının qeyd etdiyi kimi, məhkəmənin bu qərarı Tramp administrasiyasının federal mədəniyyət və təhsil müəssisələrinə təsir imkanlarını genişləndirmək cəhdləri ətrafında yaranan hüquqi mübahisələrin növbəti epizodu hesab olunur.

2025-ci il dekabrın ayında ad dəyişikliyindən sonra bir neçə tanınmış artist planlaşdırılan çıxışlarını ləğv edib, Milli Simfonik Orkestrin icraçı direktoru isə vəzifəsindən ayrılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kennedi   ABŞ  


Bizi "telegram"da izləyin