Overçuk Ermənistanın Aİ-yə inteqrasiya planlarını mürəbbə nümunəsi ilə izah edib

2026/06/1780640397.jpg
Oxunub: 245     10:16     05 İyun 2026    
“Ermənistan Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında konkret seçim etməlidir, əks halda ölkənin iqtisadi gələcəyi ilə bağlı qeyri-müəyyənlik daha da dərinləşəcək”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS agentliyinə verdiyi müsahibədə deyib.

Rusiyalı rəsminin sözlərinə görə, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçərsə, bu, ölkədə yeni texniki standartların, yeni normativ tələblərin və fərqli iqtisadi qaydaların tətbiqinə gətirib çıxaracaq.

Bu fikrini sadə nümunə ilə izah edən Overçuk mürəbbə istehsalını misal çəkib.

“Tutaq ki, Ermənistan Avropa İttifaqına doğru gedir. Bu halda yeni standartlar, yeni texniki reqlamentlər meydana çıxır və onlar bizim standartlarla uyğun gəlmir. Məsələn, siz mürəbbə istehsalı qurmaq istəyirsiniz. Bunun üçün avadanlıq almalısınız. Siz həmin avadanlığı Avropa standartlarına uyğun alacaqsınız, yoxsa Avrasiya standartlarına uyğun?” - deyə Overçuk bildirib.

O qeyd edib ki, bu sual ilk baxışdan sadə görünsə də, əslində Ermənistan iqtisadiyyatının gələcək istiqamətini müəyyənləşdirən fundamental məsələlərdən biridir.

“Siz bu sadə suala cavab verməyincə hansı mürəbbəni istehsal edəcəyinizi bilməyəcəksiniz. Məhsul hansı qablaşdırmada olacaq, üzərində hansı məlumatlar yazılacaq, hansı dillərdən istifadə olunacaq, hansı standartlar tətbiq ediləcək? Bütün bunlar əvvəlcədən müəyyənləşdirilməlidir”, - deyə Rusiya baş nazirinin müavini vurğulayıb.

Overçuk əlavə edib ki, Avrasiya İqtisadi Birliyinin liderləri Ermənistan rəhbərliyini mümkün qədər tez qərar verməyə və bu məsələ ilə bağlı referendum keçirməyi nəzərdən keçirməyə çağırıblar.

Onun fikrincə, mövcud qeyri-müəyyənlik ilk növbədə investorlar üçün problemlər yaradır.

“Bu vəziyyət heç kimin maraqlarına uyğun deyil. Qeyri-müəyyənlik həm investorlara, həm də Ermənistanın özünə zərər vurur. Məhz buna görə Avrasiya İqtisadi Birliyinin liderləri Ermənistanın mümkün qədər tez seçim etməsini istəyirlər”, - deyə Overçuk bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin