“The Economic Times”: Hindistan büdcə xərclərinin azaldılmasını nəzərdən keçirir

2026/05/1778099332.jpg
Oxunub: 178     12:56     05 İyun 2026    
Hindistan hökuməti neft və gübrə idxalı üçün ayrılan subsidiyaların artması səbəbindən müxtəlif büdcə maddələri üzrə xərclərin azaldılması imkanlarını qiymətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Economic Times” nəşri məlumat yayıb.

Məlumata görə, nəzərdə tutulan qənaət tədbirləri kapital qoyuluşlarına və müdafiə sahəsinə ayrılan vəsaitlərə şamil edilməyəcək.

Nəşr bildirir ki, dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalması halında büdcə xərclərinin artımını məhdudlaşdırmaq üçün əlavə düzəlişlərə ehtiyac yarana bilər.

Yaxın Şərqdə davam edən münaqişə Hindistanın xam neft idxalı xərclərinin artmasına səbəb olub. Bu proses milli valyuta olan rupinin məzənnəsinin zəifləməsi və inflyasiyanın yüksəlməsi fonunda baş verir.

Qiymətləndirmələrə əsasən, inflyasiya göstəricisi Hindistan Mərkəzi Bankının müəyyən etdiyi illik 4 faiz hədəfini aşa bilər. Mütəxəssislər hesab edirlər ki, bu amillər hökumətin 2026-2027-ci maliyyə ilində büdcə kəsirini ÜDM-in 4,3 faizinədək azaltmaq planını çətinləşdirə bilər.

Rəsmi məlumatlara görə, Hindistanın büdcə kəsiri aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə artaraq 37,8 milyard dollara çatıb. Bu kəsirin maliyyələşdirilməsi üçün hökumətin borclanmanı artırmalı olacağı, bunun isə dövlət borc öhdəliklərinin daha da yüksəlməsinə səbəb olacağı bildirilir.

Mövcud şəraitdə Hindistan Nazirlər Kabineti rupinin məzənnəsini dəstəkləmək və xarici kapital axınını azaltmaq məqsədilə təxirəsalınmaz tədbirlər görüb. Eyni zamanda Hindistan Mərkəzi Bankı bazarlardakı dəyişkənliyi nəzərə alaraq valyuta ehtiyatlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Büdcə  


Bizi "telegram"da izləyin