ABŞ Dövlət Departamenti: Ermənistanın siyasi gələcəyini yalnız Ermənistan vətəndaşları müəyyən etməlidir

2026/06/1780650188.jpg
Oxunub: 198     13:00     05 İyun 2026    
ABŞ Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini, o cümlədən xarici siyasətini və beynəlxalq münasibətlərini müstəqil şəkildə müəyyən etmək hüququnu dəstəklədiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü “Azadlıq” radiosuna verdiyi açıqlamada bildirib.

İyunun 7-də keçiriləcək seçkilərə mümkün xarici müdaxilə ilə bağlı məlumatlar və amerikalı qanunvericilərin xəbərdarlıqları barədə suala cavab verən Dövlət Departamenti vurğulayıb ki, Ermənistanın siyasi gələcəyi yalnız Ermənistan vətəndaşları tərəfindən müəyyən edilməlidir.

“Ermənistanda siyasi proseslərə xarici müdaxilə ilə bağlı media məlumatlarından xəbərdarıq. Ermənistan xalqının öz rəhbərliyini seçmək və gələcəyini qurmaq hüququ var”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

ABŞ xarici siyasət qurumu həmçinin İrəvan və Vaşinqton arasında dərinləşən münasibətlərin və TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, layihə üzrə çərçivə sazişi Ermənistan xarici işlər naziri və bir neçə gün əvvəl ABŞ dövlət katibi tərəfindən imzalanıb və artıq ratifikasiya mərhələsinə hazırdır.

Dövlət Departamentinin sözçüsü bildirib ki, dövlət katibinin son İrəvan səfəri də göstərir ki, TRIPP layihəsi Ermənistan və Cənubi Qafqazda sülh və rifahın təmin olunması baxımından mühüm və uzunmüddətli əhəmiyyət daşıyır.

Məlumata görə, son həftələrdə Qərb kəşfiyyat xidmətləri və rəsmilərinin hesabatlarında Rusiyanın Nikol Paşinyanın yenidən seçilməsinin qarşısını almaq üçün fəaliyyətini gücləndirdiyi iddia olunur.

May ayının sonunda “Reuters” agentliyinin dərc etdiyi araşdırmada bildirilirdi ki, Moskva Paşinyanın qələbəsinin Ermənistanın Qərblə yaxınlaşma siyasətini gücləndirəcəyindən narahatdır və bunun Rusiyanın Cənubi Qafqazdakı təsirini daha da zəiflədə biləcəyini hesab edir.

“Reuters” Qərb kəşfiyyat orqanlarının beş əməkdaşına və bir sıra sənədlərə istinadən yazıb ki, Rusiyanın həyata keçirdiyi kampaniya çərçivəsində Kremlə yaxın namizədlərin mövqelərinin gücləndirilməsi və Rusiyada yaşayan ermənilərin seçkilərdə iştirak etmək üçün Ermənistana göndərilməsi imkanları müzakirə olunub.

Nəşrin məlumatına görə, 100 min seçicinin Ermənistana daşınması üçün təxminən 50 milyon dollar tələb oluna bilər. Bununla belə, “Reuters” həmin planın reallaşdırılıb-reallaşdırılmadığını və seçkilərin nəticələrinə ciddi təsir göstərib-göstərməyəcəyini müəyyən edə bilmədiyini qeyd edib.

Qərb analitikləri isə “Azadlıq” radiosuna açıqlamalarında bildiriblər ki, Rusiya Ermənistanın Qərblə yaxınlaşmasını strateji çağırış kimi qiymətləndirir.

ABŞ-nin RAND Araşdırmalar Mərkəzinin müdafiə və təhlükəsizlik üzrə tədqiqatçısı Maykl Hikari Çeçire bildirib ki, Rusiya dezinformasiya şəbəkələri və media resursları Ermənistan seçkiləri ilə bağlı olduqca fəaldır.

Bununla yanaşı, ekspert hesab edir ki, bu fəaliyyətlər çox vaxt məhdud təsir göstərir və seçkilərin nəticələrini köklü şəkildə dəyişdirmək imkanına malik deyil.

Onun sözlərinə görə, son sorğular Ermənistan cəmiyyətində hökumətin münaqişənin həlli istiqamətində atdığı addımlara inamın davam etdiyini, Rusiyaya münasibətdə isə skeptik yanaşmanın qaldığını göstərir.

Çeçire qeyd edib ki, bu vəziyyət Ermənistan əhalisinin Rusiyanın informasiya kampaniyalarına əvvəlki qədər həssas olmadığını nümayiş etdirir.

RAND ekspertinin fikrincə, Moskvanın uzunmüddətli məqsədi Ermənistanın Qərb institutları ilə yaxınlaşmasının qarşısını almaqdır. “Rusiya, şübhəsiz ki, Ermənistanı özünün təsir dairəsində saxlamağa və xüsusilə Ermənistanın Avropa ilə əməkdaşlığını zəiflətməyə çalışır”, - deyə o bildirib.

Oxşar mövqeni Atlantik Şurasının Avrasiya Mərkəzinin direktor müavini Endryu D-Anyeri də ifadə edib. Ekspert qeyd edib ki, hazırkı mərhələdə Rusiyanın müdaxilə strategiyasının effektivliyini yüksək qiymətləndirmir. Bununla yanaşı, onun sözlərinə görə, Moskva Paşinyanın seçkilərdə məğlub olmasını istəyir və bu məqsədlə Ermənistana qarşı iqtisadi, informasiya və diplomatik təzyiq vasitələrindən istifadə etməyə çalışır.

D-Anyeri vurğulayıb ki, ABŞ və Avropa İttifaqı hazırda Ermənistanda rifahın, sülhün və demokratiyanın inkişafına dəstək vermək üçün mühüm addımlar atır. Ekspert əlavə edib ki, son nəticədə seçimin kimə veriləcəyinə Ermənistan vətəndaşları qərar verəcəklər.

Vaşinqtonun mesajı isə dəyişməz olaraq qalır: Ermənistanın gələcəyini yalnız Ermənistan xalqı müəyyən etməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin