Ermənistanın keçmiş təhsil və elm naziri saxlanılıb

2026/06/1780644759.jpg
Oxunub: 183     11:28     05 İyun 2026    
İstintaq orqanı Ermənistanın keçmiş təhsil və elm naziri Armen Aşotyanın da daxil olduğu bir qrup şəxsə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamları irəli sürüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin istintaqı üzrə baş idarəsində aparılan cinayət işi çərçivəsində yeni detallar açıqlanıb.

İstintaqın məlumatına görə, 2009-2016-cı illərdə Ermənistanın təhsil və elm naziri vəzifəsində çalışmış Armen Aşotyan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir qrup şəxslə birlikdə korrupsiya sxeminin həyata keçirilməsində iştirak edib.

İddia olunur ki, həmin sxem nəticəsində “Valeri Bryusov adına Dövlət Dilçilik Universiteti”nə məxsus, İrəvan şəhərinin mərkəzində yerləşən, 451,1 kvadratmetr sahəsi olan və 208 milyon 908 min 500 dram dəyərində qiymətləndirilən daşınmaz əmlak dövlət mülkiyyətindən çıxarılıb.

İstintaqın versiyasına görə, əmlak sonradan yüksək vəzifəli məmur və onunla əlaqəli şəxslərin nəzarətinə keçib. Hüquq-mühafizə orqanları hesab edir ki, sözügedən əmlakın əldə olunması prosesində onun həqiqi sahibinin gizlədilməsi və mənşəyinin ört-basdır edilməsi məqsədilə müxtəlif sxemlərdən istifadə olunub.

Bildirilir ki, əmlak əvvəlcə üçüncü şəxs vasitəsilə rəsmiləşdirilib, daha sonra isə 75 milyon dram qarşılığında satın alınaraq Artom Xaçatryanın adına qeydiyyata alınıb.

İstintaq çərçivəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əmələ yardım etmə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və bu prosesə yardım göstərilməsi maddələri ilə yeddi nəfərə qarşı cinayət təqibi başlanıb.

Müstəntiqlər azadlıqda olan təqsirləndirilən şəxslərin məhkəməyə çıxarılması məqsədilə onların saxlanılması barədə qərar qəbul ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aşotyan  


Bizi "telegram"da izləyin