Ordu.az xəbər verir ki, son maşınlar ötən həftə Slovakiyanın Lieskovets şəhərində keçirilən mərasim zamanı təhvil verilib.
Təhvil verilən 10 ədəd zirehli təxliyə maşını Slovakiya və Finlandiya hökumətləri arasında 2022-ci ildə imzalanmış hökumətlərarası saziş çərçivəsində həyata keçirilən proqramın bir hissəsini təşkil edir.
Məlumata görə, saziş çərçivəsində Slovakiya ümumilikdə 76 ədəd zirehli texnika tədarük edib. Paketə 60 ədəd piyada döyüş maşını, 10 ədəd zirehli təxliyə maşını və 6 ədəd komanda-idarəetmə maşını daxildir.
“Patria” şirkətinin Qorunan Hərəkət Qabiliyyəti bölməsinin vitse-prezidenti Yussi Yərvinen bildirib ki, təhvil prosesinin tamamlanması iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığı baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, Slovakiyanın BOV 8x8 proqramı və yerli tərəfdaşlarla əməkdaşlıq uğurla davam edir.
Yərvinen qeyd edib ki, təxliyə maşınlarının təhvilinin tamamlanması əməkdaşlıqda mühüm dönüş nöqtəsidir. Proqram müasir hərəkətlilik və müdafiə imkanlarının inkişafına dəstək verməklə yanaşı, texnologiya transferi və biliklərin Slovakiyaya ötürülməsinə də töhfə verir.
“Patria” texnologiya transferinin şirkətin biznes modelinin əsas elementlərindən biri olduğunu vurğulayıb. Şirkətin məlumatına görə, zirehli texnika istehsalı sahəsində təcrübənin yerli sənayeyə ötürülməsi tədarük təhlükəsizliyini artırır və ölkənin müdafiə sənayesi infrastrukturunu gücləndirir.
Bundan əlavə, bu yanaşmanın uzunmüddətli əməliyyat hazırlığı səviyyəsinə müsbət təsir göstərdiyi və istifadəçi ölkələrə strateji üstünlük qazandırdığı bildirilib.
Sevinc Əliyeva
Ordu.az