Ordu.az xəbər verir ki, bu proqnoz Vaşinqtonda fəaliyyət göstərən İkipartiyalı Siyasət Mərkəzinin hesabatında yer alıb.
Sənəddə qeyd olunur ki, 2025-ci ilin iyulunda ABŞ-nin dövlət borcu limiti 36,1 trilyon dollardan 41,1 trilyon dollara yüksəldilərək 5 trilyon dollar artırılıb.
Hesabata əsasən, həmin vaxtdan etibarən bu məhdudiyyətə daxil olan borcun həcmi 2,9 trilyon dollar artaraq yeni borc limitinin yarıdan çoxunu təşkil edib.
Mərkəzin ekspertləri hesab edirlər ki, Konqres əlavə tədbirlər görməzsə, ABŞ yenidən 2027-ci ilin son qış ayları ilə yay aylarının ortaları arasında dövlət borcu limitinə çatacaq. Məlumata görə, bundan sonra Vaşinqton administrasiyası defoltdan yayınmaq məqsədilə təxminən 6-9 ay müddətində fövqəladə maliyyə tədbirləri həyata keçirə biləcək.
Hesabat müəllifləri bildirirlər ki, həmin müddət başa çatdıqdan sonra ABŞ artıq maliyyə öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirmək imkanını itirə bilər. Bunun qarşısını almaq üçün Konqres və administrasiya dövlət borcu limitinin növbəti dəfə artırılması məsələsini nəzərdən keçirməli olacaq.
Ekspertlərin fikrincə, dövlət borcu limitinə çatma müddətinə təsir edən əsas amillərdən biri İrana qarşı hərbi əməliyyatların maliyyə xərcidir. Pentaqonun son qiymətləndirməsinə görə, bu əməliyyatların xərcinin 29 milyard dollara çatdığı bildirilir.
Həmçinin Vaşinqtonun tətbiq etdiyi gömrük rüsumlarından əldə ediləcək gəlirlər və həmin tədbirlərin kompensasiyası üçün nəzərdə tutulan xərclər də prosesə təsir göstərə bilər. Hazırda ABŞ-nin dövlət borcu təxminən 39,2 trilyon dollar təşkil edir. Bu göstərici 2026-cı ilin martında tarixdə ilk dəfə 39 trilyon dolları ötüb.
Sevinc Əliyeva
Ordu.az