Paşinyan: “ATƏT-in Minsk qrupu münaqişənin həll olunmaması üçün yaradılmışdı”

2026/06/1780637469.jpg
Oxunub: 315     09:36     05 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupu ilə bağlı növbəti qalmaqallı açıqlama verərək bu formatın Qarabağ münaqişəsini həll etmək üçün deyil, onun davam etməsi üçün yaradıldığını iddia edib.

Ordu.az xəbər verir ki, bu barədə Paşinyan İctimai Televiziyanın efirində keçirilən seçkiqabağı debat zamanı danışıb.

Ermənistanın baş nazirinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa müxtəlif dövrlərdə Qarabağ münaqişəsinin həll edilməsində maraqlı olmayıblar.

“ATƏT-in Minsk qrupu ona görə yaradılmışdı ki, həmin ölkələr Qarabağ münaqişəsinin həllinə imkan verməsinlər. Münaqişənin həll olunmamış qalması müxtəlif dövrlərdə onların geosiyasi maraqlarına uyğun gəlirdi”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, uzun illər ərzində münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması böyük dövlətlər üçün regionda təsir rıçaqlarını qorumaq vasitəsinə çevrilmişdi.

Paşinyanın fikrincə, Qarabağ münaqişəsinin həll edilməməsi təkcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərlə bağlı olmayıb, eyni zamanda beynəlxalq güclərin Cənubi Qafqazdakı maraqlarının tərkib hissəsi olub.

Paşinyan bu bəyanatı Ermənistanın siyasi dairələrində yeni müzakirələrə səbəb olub. Müxalifət nümayəndələri hesab edirlər ki, Paşinyan bu cür açıqlamalarla uzun illər Ermənistan diplomatiyasının əsas platformalarından biri olmuş Minsk qrupunun rolunu tamamilə gözdən salmağa çalışır.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılıb və onun həmsədrləri ABŞ, Rusiya və Fransa olub. Son illərdə isə bu format faktiki olaraq fəaliyyətini dayandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   ATƏT   Minsk-qrupu  


Bizi "telegram"da izləyin