Ordu.az xəbər verir ki, Şuşanyan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Paşinyan bu gün İctimai Televiziyada keçiriləcək debatdan istifadə edərək onun səsləndirdiyi iddianı təkzib etməlidir.
“Nikol Paşinyan, bu gün İctimai Televiziyada keçiriləcək debatdan istifadə edin və 44 günlük müharibə zamanı yanlış hərbi çağırış etdiyiniz barədə iddiamı təkzib edin. Əks halda məni məhkəməyə verə bilərsiniz”, - deyə o yazıb.
Şuşanyan qeyd edib ki, bir neçə gün əvvəl Abovyan şəhərində çıxışı zamanı səsləndirdiyi fikirlərlə bağlı çoxsaylı suallar alır.
Onun sözlərinə görə, 2020-ci ildə müharibə zamanı Paşinyan xalqa müraciət edərək son bir ildə hərbi xidmətdən tərxis olunmuş şəxslərin qanunvericiliyə görə səfərbərliyə çağırıla bilmədiyini bildirib və onları könüllü şəkildə ordu sıralarına qoşulmağa səsləyib.
“Bu günə qədər nə Müdafiə Nazirliyindən, nə də başqa qurumlardan iddiamla bağlı hər hansı təkzib almamışam”, - deyə Şuşanyan vurğulayıb.
O bildirib ki, bu məsələ ilə bağlı bir sıra suallar yaranır:
“Bu yanlış məlumat baş nazirə hansısa qurum tərəfindən təqdim olunmuşdumu? Əgər təqdim olunmuşdusa, kim tərəfindən və nə vaxt? Əgər təqdim olunmamışdısa, ölkənin baş naziri müharibənin ən kritik mərhələsində qanunvericiliyi bilmirdimi? Onun canlı yayım çıxışından sonra aidiyyəti qurumlar bəyanatın yanlış olduğunu ona çatdırmışdılarmı? Əgər çatdırmışdılarsa, niyə yeni açıqlama verilmədi? Niyə tərxis olunmuş şəxslərin ölkənin müdafiəsində iştirakının könüllü deyil, konstitusion vəzifə olduğu izah edilmədi?”, - deyə o bildirib.
Şuşanyanın sözlərinə görə, bu məsələlər təkcə hüquqi deyil, həm də ciddi ictimai əhəmiyyət daşıyır.
Alpər Mövludoğlu
Ordu.az