Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, Qaqik Beqlaryan komitədə araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.
Məlumata görə, sabiq erməni nazir vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulmasında ittiham olunur.
Komitədən bildirilib ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edilib.
Qeyd edək ki, Ermənistanda səhər saatlarından etibarən genişmiqyaslı saxlanılma əməliyyatları həyata keçirilir.
Hazırkı məlumata görə, Ermənistan Respublikaçılar Partiyasının sədr müavini və keçmiş təhsil və elm naziri Armen Aşotyan, Brusov adına Universitetin sabiq rektoru Qayane Qasparyan, prorektor Artur Ayvazyan, universitetin idarə heyətinin sədri Vigen Sarkisyan, keçmiş maliyyə naziri Qaqik Xaçatryan, onun oğlu Artyom Xaçatryan və onlarla əlaqəli olduğu bildirilən Arutyun Tadevosyan saxlanılıblar.
Onlar təxminən 200 milyon dəyərində əmlakla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə və pul yuyulması işi üzrə ittiham olunurlar. Bundan başqa, “Hayastan” blokunun deputatlığa keçmiş namizədlərindən birinin seçki rüşvəti vermək şübhəsi ilə saxlanıldığı bildirilir.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi həmçinin Ermənistan Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin sabiq rəhbəri, Ermənistan Respublikaçılar Partiyasının üzvü Arman Sahakyanın iki aylıq həbs olunduğunu açıqlayıb.
Məlumata görə, ona qarşı seçki rüşvətinin verilməsi və ya alınması ilə bağlı cinayət işi çərçivəsində ittiham irəli sürülüb.
Xatırladaq ki, Qaqik Beqlaryanın bu gün saxlanıldığı barədə məlumat daha əvvəl yayılmışdı.
Alpər Mövludoğlu
Ordu.az