KİV: Avropa İttifaqı Ermənistana təcili olaraq 50 milyon avrodan çox vəsait ayırır

2026/06/1780641931.jpg
Oxunub: 244     12:45     05 İyun 2026    
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra Avropa İttifaqının Ermənistana təcili maliyyə dəstəyi göstərəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa İttifaqı Ermənistana təcili olaraq 50 milyon avrodan çox vəsait ayırır” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Ursula fon der Lyayen sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Rusiyanın Ermənistana qarşı son məhdudiyyətlərinə toxunaraq bunları bildirib:

“Bu gün Baş nazir Nikol Paşinyanla Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi son məhdudiyyətləri müzakirə etdim. Bu, iqtisadi məcburetmədən başqa bir şey deyil və qəbuledilməzdir.

Moskva Ermənistan məhsullarına tətbiq edilən ixrac məhdudiyyətlərini uzatmaqla iqtisadi münasibətlərdən siyasi təzyiq aləti kimi istifadə edir. Biz bu fəaliyyət modelini çox yaxşı tanıyırıq. Məhz buna görə də Avropa qətiyyətlə Ermənistanın yanındadır”, - deyə Avropa Komissiyasının sədri qeyd edib.

Fon der Lyayenin sözlərinə görə, Avropa İttifaqı artıq Ermənistan üçün dəstək paketi hazırlayır.

“Bu paketə 50 milyon avrodan çox həcmdə təcili maliyyə yardımı daxildir. Bunun ardınca isə əlavə dəstək tədbirləri də həyata keçiriləcək. Paket çərçivəsində bəzi erməni məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ticarətinin asanlaşdırılması üçün tədbirlər nəzərdə tutulur. Eyni zamanda, Rusiyanın son dövrlərdə Ermənistan güllərinin idxalına tətbiq etdiyi məhdudiyyətləri nəzərə alaraq, zərər çəkmiş sahələrə praktiki dəstək göstəriləcək”, - deyə o bildirib.

Məqalədə qeyd olunur ki, Avropa Komissiyasının rəhbəri yaxın günlərdə Ermənistan güllərinin Avropa bazarına çıxarılması istiqamətində konkret addımların atılacağını da açıqlayıb.

“10 min güldən ibarət ilk partiyanın sabah Latviyaya çatdırılması planlaşdırılır. Bunun ardınca digər partiyalar da göndəriləcək”, - deyə fon der Lyayen vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı İrəvanda keçirilən son sammitdə götürülən öhdəliklərə uyğun olaraq biznes dairələri arasında əlaqələrin genişləndirilməsini də davam etdirəcək.

“2024-cü ildən etibarən “Dayanıqlılıq və İnkişaf Proqramı” çərçivəsində Avropa İttifaqının dəstəyi artıq 7 min şirkətə kömək edib və 20 mindən çox iş yerinin yaradılmasına töhfə verib. Ermənistan istedadın, innovasiyaların və imkanların qovuşduğu məkandır. Avropa biznesi üçün bu ölkə strateji əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.

Müəllifin yazdığına görə, fon der Lyayen daha sonra Avropa İttifaqının sammit zamanı əldə olunan “Bağlantılar Tərəfdaşlığı” proqramını həyata keçirmək əzmində olduğunu bildirib.

“Türkiyə ilə ticarət marşrutlarının, o cümlədən Gürcüstan və Türkiyə üzərindən dəmir yolu əlaqəsinin yenidən açılması mühüm irəliləyişdir. Ermənistanın Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji qovşağa çevrilmək potensialı var. Regional nəqliyyat əlaqələrinin bərpası fonunda biz infrastrukturun və sərhəd-keçid məntəqələrinin inkişafını dəstəkləməyə hazırıq”, - deyə Avropa Komissiyasının sədri bildirib.

Məqalədə vurğulanır ki, tərəflər iyunun 23-də keçiriləcək “Bağlantılar Platforması”nın nazirlər görüşündə bu prioritetlərin həyata keçirilməsini müzakirə etməyə davam edəcəklər.

“Bütün istiqamətlər üzrə səmərəli koordinasiyanın təmin olunması məqsədilə Avropa İttifaqı-Ermənistan birgə əməliyyat qrupunun yaradılması barədə razılıq əldə olunub. Bu qurum mövcud təşəbbüslərin və gələcək addımların icrasına nəzarət edəcək”, - deyə fon der Lyayen qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin