B-21 ilk dəfə havada yanacaq doldurarkən görüntüləndi

2026/04/1776362917.jpg
Oxunub: 636     22:04     16 Aprel 2026    
ABŞ Hərbi Hava Qüvvələrinin yeni nəsil bombardmançı təyyarəsi olan B-21-in fotosu ilk dəfə rəsmi olaraq yanacaq doldurulması zamanı paylaşılıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələri paylaşımında bildirib ki, təyyarə 2026-cı il martın 10-da Kaliforniyadakı Mojave səhrası üzərində, “Edwards” Hərbi Hava Bazası yaxınlığında KC-135R-dən yanacaq alıb.

Sınaq proqramının bir hissəsi olan uçuş ümumilikdə 5 saat 33 dəqiqə davam edib. B-21 sınaqlarda 23.000 fut (təxminən 7.000 metr) hündürlüyə qalxıb.

Sınaq zamanı B-21-ə F-16 müşayiət tapşırığında yoldaşlıq edib. Bundan əlavə, DC-9 tipli xüsusi təyyarə də B-21 məlumatlarını səmadan alaraq sınaq mühəndisləri tərəfindən canlı şəkildə qiymətləndirib.

Yeni nəsil “stealth” bombardmançı təyyarəsi B-21 “Raider”

B-21 Raider “Northrop Grumman” tərəfindən hazırlanan 6-cı nəsil “stealth” bombardmançı təyyarədir. B-2 “Spirit”in daha kiçik, daha qabaqcıl və daha sərfəli xələfi kimi layihələndirilib.

“Uçan qanad” formasına malik olan təyyarə son dərəcə aşağı radar izinə malikdir və həm adi, həm də nüvə silahları daşıya bilir. Uzaqmənzilli dərin zərbə tapşırıqları üçün optimallaşdırılıb, havada yanacaq doldurma qabiliyyəti sayəsində demək olar ki, limitsiz mənzilə çata bilir.

Hazırda iki B-21 prototipi uçuş sınaqlarında iştirak edir. ABŞ Hərbi Hava Qüvvələri proqramı sürətləndirərək istehsal gücünü artırır və ilk əməliyyat təhvilinin 2027-ci ildə həyata keçirilməsini hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: B-21   ABŞ  


Bizi "telegram"da izləyin