Göylərin qartalı SOLOTÜRK 15 yaşındadır - VİDEOLAR+FOTOLAR

2026/04/1776362726.jpg
Oxunub: 516     21:59     16 Aprel 2026    
“Anadolu Ankası” təliminin Xüsusi Müşahidəçilər Günü zamanı SOLOTÜRK Konya 3-cü Əsas Reaktiv Baza Komandanlığının səmasında uçarkən bir anda 15 il əvvələ qayıtdım”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Tolgaozbek.com” nəşri “Göylərin qartalı SOLOTÜRK 15 yaşındadır” başlıqlı məqaləsində yazıb.

“2011-ci ildə, Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü ildönümü qeyd etmələrindən əvvəl Ankarada o zamankı adı ilə Akıncıdakı 4-cü Əsas Reaktiv Baza Komandanlığında SOLOTÜRK ilk nümayişini keçirirdi. Tarixlər 2011-ci il aprelin 15-ni göstərirdi.

Kokpitdə mayor rütbəsində Murat Keleş var idi. İzləyənlər arasında isə həmin dövrün Prezidenti Abdullah Gül... Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü yaranma ildönümündə yaradılan SOLOTÜRK ötən 15 illik müddətdə milyonlarla insanla görüşdü. Qardaş komandası “Türk Ulduzları” kimi, yalnız bizim insanımıza deyil, bütün dünyaya Türkiyə Silahlı Qüvvələrinin gücünü göstərdi. F-16-nın limitlərini də...

Necə yaradıldı?

SOLOTÜRK-ün təməli 2009-cu il noyabrın 25-də Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən qoyuldu. “Tək F-16 Təyyarəsi ilə Nümayiş Uçuşu” proqramı çərçivəsində 2009-cu ilin noyabrında işlər başladı. 2010-cu il yanvarın 14-də üç pilot seçildi: mayor Murat Keleş (qurucu və ilk nümayiş pilotu), kapitan Fatih Batmaz və kapitan Sedat Yalın Ahbab.


141-ci Eskadrilyaya bağlı olaraq təlimlər 2010-cu il mayın 18-də başladı və 2010-cu il avqustun 20-də tamamlandı. Beləliklə, mayor Murat Keleş Türkiyənin ilk F-16 solo nümayiş pilotu titulunu aldı”, - deyə məqalədə qeyd edilib.

Müəllif yazıb ki, ilk daxili nümayiş 2010-cu il sentyabrın 1-də 4-cü Əsas Reaktiv Baza Komandanlığında həmin dövrün Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Aksaya təqdim olunub.

“Xalqa açıq ilk nümayiş isə 2011-ci il aprelin 15-də Ankara “Akıncı” Hava Bazasında “Air Show Türkiye” çərçivəsində keçirildi. Adı təxminən 300 təklif arasından SOLOTÜRK olaraq seçildi. Komanda Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü il hədiyyəsi kimi yarandı.


2016-cı ildəki 15 iyul çevriliş cəhdindən sonra Akıncı bazası bağlananda SOLOTÜRK Konya 3-cü Əsas Reaktiv Bazanın 132-ci “Hançer” Eskadrilyasına köçürüldü və fəaliyyətini burada davam etdirdi.

Həm vəzifələrini yerinə yetirirlər, həm də SOLOTÜRK-də uçurlar

SOLOTÜRK 2 pilot, 2 mətbuat-ictimaiyyətlə əlaqələr əməkdaşı və 9 nəfərlik texniki xidmət heyətindən ibarətdir. Pilotlar F-16-da ən azı 1.000 saat təcrübəsi olan döyüş reaktiv pilotları arasından seçilir və təxminən 3 aylıq intensiv təlim keçirlər. Xidmət müddətləri adətən 5 il davam edir. Pilotundan texniki xidmət heyətinə qədər bütün SOLOTÜRK komandası əslində 132-ci Eskadrilyada öz adi vəzifələrini yerinə yetirir. SOLOTÜRK əslində əlavə bir vəzifədir.

İki pilot xidmət edir

Nümayiş Pilotu və Komanda Lideri: polkovnik-leytenant Murat Bakıcı (pilot nömrəsi 008, 2021-ci ildən etibarən)

Nümayiş Pilotu: mayor Mustafa Erhan Aydəmir (2024-cü ildən etibarən)

Qurucu pilotlar və əvvəlki adlar arasında Murat Keleş, Fatih Batmaz, Sedat Yalın Ahbab, Yusuf Kurt, Erhan Günar, Serdar Doğan və Emre Mert kimi adlar yer alır.


Texniki xidmət heyəti

Təyyarələrin hər zaman ən yüksək səviyyədə hazır olmasını təmin edən 9 nəfərlik xüsusi heyət Konyadakı 4-cü Əsas Reaktiv Baza Texniki Xidmət Komandanlığından seçilir”, - deyə nəşr vurğulayıb.

Müəllif qeyd edib ki, heyətin başında baş leytenant Ahmet Özkadif dayanır.

“Texniki xidmət personalı nümayiş uçuşlarından əvvəl və sonra diqqətli yoxlamalarla təyyarənin təhlükəsizliyini təmin edir.

Nümayişlər və uğurlar

SOLOTÜRK-ün nümayiş konsepsiyası POWERDEMO kimi tanınır: tək təyyarə ilə 20 dəqiqə davam edən, təxminən 20 hərəkətdən ibarət yüksək performanslı güc nümayişi. 100-600 knot sürət aralığında, 30 metr və daha yüksək hündürlükdə icra edilir.


Xüsusi manevrlər arasında “SoloTürk Tonosu”, “Şahin Dönüşü”, “Kobra Manevri” (2022-ci ildə Emre Mert ilə F-16-da ilk dəfə yerinə yetirildi) və 2017-ci ildə qırılan “ən yavaş uçuş” rekordu (saatda 180 km) önə çıxır.

Komanda milli bayramlarda, TEKNOFEST kimi tədbirlərdə və beynəlxalq hava şoularında (RIAT 2011 və 2018-də “Ən Yaxşı Solo Reaktiv Nümayişi” mükafatı, Slovak IAFF 2017-də “Ən Yaxşı Nümayiş Komandası”) yüz minlərlə insanı valeh etdi. Təyyarələr tam döyüş tapşırığı yerinə yetirə biləcək qabiliyyətdədir, nümayişdən kənarda da inventara töhfə verir.


Bu gün 3 ədəd F-16C Block 30TM təyyarəsi (əsas nümayiş təyyarəsi 88-0021, ehtiyatlar 88-0025 və 88-0026) istifadə olunur. Xüsusi boyama dizaynı (ay-ulduz, qızıl qartal və qara-boz motivlər) Murat Dorkipə məxsusdur.

15-ci il qeyd etməsi

SOLOTÜRK 15-ci ilini Konyada xüsusi nümayiş uçuşu ilə qeyd edərək səmaya “imza atdı”. Eniş zamanı bir aviasiya ənənəsi həyata keçirildi. Hər iki SOLOTÜRK təyyarəsi yanğınsöndürənlərin su tağının altından keçərək parklanma mövqeyinə gəldi.


Türkiyə Silahlı Qüvvələrinin komanda heyətinin iştirakı ilə uçuş təhlükəsizliyi və uğurla keçən 15 il tort kəsilərək qeyd olundu. SOLOTÜRK 15 ildə yalnız akrobatik nümayişlər etmədi, həm də Türkiyə gənclərinə aviasiyanı sevdirən, milli qüruru göylərə daşıyan bir simvol oldu”, - deyə müəllif yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SOLOTÜRK   Türkiyə  


Bizi "telegram"da izləyin