Həmin gün, daha əvvəl də qeyd etdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekində bildirib ki, ABŞ “Avropanı hərbiləşdirir və Rusiya ilə qarşıdurmaya hazırlaşır”. O, eyni zamanda vurğulayıb ki, bu planlarda Ukraynaya xüsusi rol ayrılır. Lavrovun bəyanatından cəmi bir neçə saat sonra Rusiyanın müdafiə nazirliyi Ukrayna ilə birlikdə və ya yalnız onun üçün pilotsuz uçuş aparatları, uzaqmənzilli raketlər, digər silahlar və komplektləşdirici hissələr istehsal edən Avropa ölkələrinin hərbi-sənaye şirkətlərinin siyahısını yayıb.
Artıq aprelin 16-da Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” paylaşımında xəbərdarlıq edib ki, Müdafiə Nazirliyinin bu siyahısı vəziyyət dəyişəcəyi halda həmin müəssisələrin hamısının “qanuni hədəf” kimi qəbul ediləcəyini göstərir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın İspaniya, İtaliya, Almaniya və Böyük Britaniyada silahların birgə istehsalı mövcuddur. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini faktiki olaraq bu ölkələri “hədəf zərbələri” ilə hədələyib.
“Nezavisimaya qazeta” “Ramştayn formatı” üzrə görüşün nəticələrinə əsasən Ukraynanın hansı silahları əldə edə biləcəyini araşdırıb. Söhbət yaxın aylardan gedir. Bu məlumatların nə dərəcədə dəqiq olduğu barədə nəşr əlavə açıqlama verməyib, lakin Ukrayna prezidentinin bəyanatına istinad edib. Həmin bəyanata görə, Kiyevin “Rusiyanın təcavüzünə qarşı mübarizəni davam etdirmək üçün daha geniş imkanları var”.
Ukrayna Silahlı Qüvvələrinin komandanı Sırski bildirib ki, “cəbhədə qüvvələrin hazırkı nisbəti döyüş əməliyyatlarının düşmən ərazisinə keçirilməsini planlaşdırmağa imkan verir”. Bu, yəqin ki, “çox nikbin” bəyanatdır, lakin görünür ki, Rusiya hələ də “xüsusi hərbi əməliyyat” çərçivəsində qarşıya qoyduğu məqsədlərə çatmaqdan xeyli uzaqdır. Halbuki ənənəvi hərbi parada bir aydan az vaxt qalıb.
Asif Cəfərov
Ordu.az