Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hakop Badalyan yazıb.
“Sonra davam edir ki, indi Ermənistanı “qırğına aparan” yoldan çıxardıqları halda, onlara “hara gedirsiniz?” deyirlər. Sadəlövh auditoriya da oturub bunu dinləyir və deyir ki, hə, elədir də”, - deyə o qeyd edib.
Badalyanın sözlərinə görə, əslində isə Nikol Paşinyan hamıdan yaxşı bilir ki, KTMT Ermənistanın təhlükəsizlik təminatçısı olmayıb.
“Əgər Ermənistanın baş nazir postuna qədər yüksəlmiş şəxs bunu bilməyibsə, anlamayıbsa, deməli, Ermənistan üçün fəlakət onun baş nazir olduğu gün baş verib.
Mən isə hesab edirəm ki, o, çox yaxşı bilirdi ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatçısı deyil. Nikol Paşinyan indi sadəcə öz elektoratının məlumatsızlığı üzərində oynayır.
Məhz bu məlumatsızlıq imkan verir ki, 2022-ci ilin sentyabrında guya Azərbaycanın Ermənistana “hücum etdiyi”, amma KTMT-nin müdaxilə etmədiyi barədə təbliğat qəbul edilsin. Çünki məlumatlılıq sadə bir sual doğurardı: əgər hücum Ermənistana qarşı idisə, niyə Konstitusiyanın tələbi yerinə yetirilmədi və hərbi vəziyyət elan olunmadı?
Eyni zamanda, elektoratın məlumatsızlığı belə bir sual da yaratmır: niyə Ermənistan 2022-ci ilin oktyabrında İrəvanda keçiriləcək KTMT sammiti ərəfəsində xarici işlər nazirləri səviyyəsində Ermənistana dəstək paketini tam şəkildə təsdiqləyir, amma ertəsi gün Paşinyan hava limanında Putini qarşılayıb onun xidməti avtomobili ilə sammitin keçirildiyi yerə gedərkən birdən-birə həmin paketdən imtina edir? Paşinyan və Putin avtomobildə nə danışıblar ki, sammitə çatanda Nikol Paşinyan qəfil bəyan edir ki, bu paket İrəvanı qane etmir?
Yoxsa kimsə doğrudan da o qədər sadəlövhdür ki, düşünür, xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılmış eyni paketə Mirzoyan Nikol Paşinyanın xəbəri olmadan razılıq verib?”, - deyə Badalyan qeyd edib.
Onun qiymətləndirməsinə görə, ümumiyyətlə, dövlət rəhbərlərinin masasına belə sənədlər artıq tam razılaşdırılmış şəkildə gəlir, hər bir hərfi və bəndi əvvəlcədən dəqiqləşdirilmiş olur.
“Çünki rəhbərlərin masasında sənədlərin müzakirəsi aparılmır, sadəcə mövcud gündəlik üzrə siyasi çıxışlar edilir.
Əlbəttə, bütün bunlar elektorata çatdırılmır, çünki bu, suallar yarada bilər, suallar isə təbliğat manipulyasiyalarına mane olur. Halbuki KTMT mövzusu hələlik müəyyən təbliğat dividendləri gətirir, buna görə də elektoratın hətta su içmədən belə “həzm etdiyi” bir məsələni niyə əlavə olaraq çətinləşdirsinlər?”, - deyə Badalyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az