Ordu.az xəbər verir ki, bu barədə “Airbus Defence and Space” şirkətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Parisdə keçirilən “Eurosatory 2026” sərgisində Fransa Silahlanma Baş İdarəsi (DGA) adından Birgə Silahlanma Əməkdaşlıq Təşkilatı (OCCAR) ilə strateji müqavilə imzalanıb.
“Paralel Missiya Sistemi” (PMS) adlanan modernizasiya paketi Fransa Hərbi Hava və Kosmik Qüvvələrinin A400M təyyarələrinə kəşfiyyat, müşahidə və məlumat toplama (ISR) sahəsində çoxməqsədli imkanlar qazandırmağı hədəfləyir.
“Airbus Defence and Space” şirkətinin Hava Gücü üzrə vitse-prezidenti Jan-Bris Dümon bildirib ki, A400M onu istismar edən silahlı qüvvələr üçün əsl “İsveçrə bıçağı” funksiyasını yerinə yetirir.
Onun sözlərinə görə, yeni sistem sayəsində Fransa Hərbi Hava və Kosmik Qüvvələri ehtiyac yarandıqda havada taktiki komanda-idarəetmə (C2) platformasına çevrilə bilən təyyarələr əldə edəcək.
Yeni imkanlar çərçivəsində yük bölməsində quraşdırılacaq konsollar vasitəsilə sensorlardan daxil olan məlumatların izlənməsi və hava əməliyyatlarının koordinasiyası həyata keçiriləcək.
Bundan başqa, elektro-optik sistemlərin inteqrasiyası sayəsində ISR imkanları genişləndiriləcək, gələcəkdə yeni sensor və rabitə sistemlərinin quraşdırılması üçün uyğun infrastruktur yaradılacaq.
Sistem həmçinin yük bölməsindən buraxılan Pilotsuz Uçuş Aparatlarının (PUA) və raketlərin havadan idarə olunmasına imkan verəcək.
Bu imkanlar sayəsində A400M ekipajları quru qoşunlarını, “Tiger” və “Caracal H225M” helikopterlərini, həmçinin döyüş təyyarələrini “birgə döyüş rejimi” çərçivəsində koordinasiya edə biləcəklər.
Modernizasiya proqramına əsasən, ilk sistem inteqrasiyası 2027-ci ildə həyata keçiriləcək, ilk sınaq uçuşları isə 2028-ci ildə baş tutacaq.
Sonrakı mərhələdə Fransa Hərbi Hava Qüvvələrinin müəyyən sayda A400M təyyarəsi PMS dəstləri ilə modernləşdiriləcək.
“Airbus” şirkəti həmçinin uzaqmənzilli radioelektron mübarizə sistemləri, PUA və raketlərin buraxılması üçün “ana gəmi” funksiyası, yükdaşıma qabiliyyətinin 40 tona çatdırılması və yanğınsöndürmə imkanlarının yaradılması istiqamətində əlavə layihələr üzərində çalışdığını açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az