Məhkəmə Köçəryanın Ermənistan MSK-yə qarşı iddiasını icraata qəbul edib

2026/06/1782126620.jpg
Oxunub: 167     15:07     22 İyun 2026    
Ermənistanın İnzibati Məhkəməsi hakim Qriqor Arakelyanın sədrliyi ilə ikinci prezident Robert Köçəryanın Mərkəzi Seçki Komissiyasına qarşı qaldırdığı iddianı icraata qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb.

Məlumata görə, “Hayastan” blokunun lideri Robert Köçəryan Mərkəzi Seçki Komissiyasının 17 iyun tarixli qərarından məhkəməyə şikayət edib. Həmin qərarla onun barəsində cinayət təqibinin başlanmasına razılıq verilib.

Məhkəmə iddianı icraata qəbul edərək Ermənistan Mərkəzi Seçki Komissiyasından 262-A saylı qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının tam həcmini, həmçinin komissiyanın 17 iyun 2026-cı il tarixli növbədənkənar iclasının audioyazılarını təqdim etməyi tələb edib.

Bundan əlavə, Ermənistan Baş Prokurorluğu iş üzrə üçüncü tərəf qismində prosesə cəlb olunub. Məhkəmə iclası iyunun 24-nə, saat 10:00-a təyin edilib.

Ermənistan KİV-ləri qeyd edir ki, Robert Köçəryana qarşı 22 il əvvəl hökumətin qəbul etdiyi qərarın təsdiqlənməsi ilə bağlı cinayət işi açılıb.

Söhbət 2004-cü ildə həyata keçirilmiş və Ermənistan hökuməti tərəfindən təsdiqlənmiş bir sövdələşmədən gedir. Həmin qərar uzun illər ərzində heç vaxt mübahisələndirilməyib.

İddialara görə, illər sonra Robert Köçəryan artıq heç bir dövlət vəzifəsi tutmadığı vaxt onun oğlu Sedrak Köçəryan həmin şirkətdə iri məbləğ ödəməklə pay alıb. Hazırda istintaq orqanları bu faktı 2004-cü il sövdələşməsi ilə əlaqələndirməyə çalışırlar.

Söhbət “Orange Fitness” klubunun yaxınlığında yerləşən “Master Class” tennis mərkəzinin ərazisindən gedir.

Vəkil Aram Orbelyan jurnalistlərə açıqlamasında bildirib ki, bu prosesdə heç bir cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, söhbət alqı-satqı müqaviləsindən deyil, icarə və investisiya proqramından gedir və cinayət işi süni şəkildə yaradılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin