Göygöldə "Qərbi Azərbaycan irsi - tarixi köklərə qayıdış" festivalı keçirilib

2026/06/Ekran-1782124246.jpg
Oxunub: 179     14:02     22 İyun 2026    
Göygöl rayonunun Yeni Zod kəndində yerləşən "Xan Yurdu" etnoqəsəbəsində "Qərbi Azərbaycan irsi - tarixi köklərə qayıdış" festivalı keçirilib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Məqsəd Qərbi Azərbaycanın zəngin tarixi irsini, milli-mənəvi dəyərlərini və yurd yaddaşını yaşatmaq, bu irsi gələcək nəsillərə çatdırmaq, eyni zamanda, Qərbi Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasına töhfə verməkdir.

Festivalın bədii hissəsində iştirakçılar Qərbi Azərbaycanın müxtəlif mahallarını əks etdirən guşələrlə tanış olublar. Ayrı-ayrı mahalları əks etdirən çadırlarda milli adət-ənənələr, folklor nümunələri, qədim sənətkarlıq ənənələri nümayiş etdirilib, aşıq havaları və zurna sədaları səsləndirilib.

Tədbirin ərazisində təşkil olunmuş sərgilərdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və etnoqrafiyasını əks etdirən fotoşəkillər, rəsm əsərləri, kitablar, əl işləri və digər eksponatlar nümayiş etdirilib. İştirakçılar həmçinin "İrəvan" İdman Klubunun idmançılarının nümunəvi çıxışlarını izləyiblər.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib ki, rəhbərlik etdiyi qurum deportasiyalara və etnik təmizləməyə məruz qalmış milyonlarla soydaşı və onların varislərini birləşdirən təşkilatdır:

"İcmanın əsas məqsədi həmin insanların öz doğma torpaqlarına, ata-baba yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında etdiyi tarixi çıxış soydaşlarımızın qayıdış hüququna dövlət səviyyəsində verilən ən mühüm siyasi dəstək olmaqla yanaşı, insanların öz yurdlarına qayıdacaqlarına inamını daha da gücləndirib".

İcma sədri gələcəkdə bu cür festivalların Qərbi Azərbaycanın tarixi bölgələrində - Göyçə, Dərələyəz, Zəngəzur və digər ata-baba yurdlarında keçirilməsini arzulayıb.

Festival "Yurdun səsi" adlı geniş konsert proqramı ilə davam edib. Konsertdə milli musiqilər, aşıq sənəti nümunələri və xalq rəqsləri təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göygöl   Qərbi-Azərbaycan  


Bizi "telegram"da izləyin