Ukrayna onlarla PUA ilə Moskvaya hücum edib

2026/06/1781787600.jpg
Oxunub: 193     12:47     22 İyun 2026    
Moskva son beş gün ərzində artıq üçüncü dəfə kütləvi Pilotsuz Uçuş Aparatı (PUA) hücumuna məruz qalıb. 2026-cı il iyunun 22-də saat 03:00-dan 10:00-dək olan müddətdə şəhərə yaxınlaşan 80 PUA məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

O, xəsarət alanlar və dağıntılar barədə məlumat verməyərək yalnız bildirib ki, PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin əməkdaşları fəaliyyət göstərir.

“Rosaviatsiya”nın məlumatına görə, “Şeremetyevo” hava limanında uçuşlara məhdudiyyət tətbiq olunub, “Vnukovo” və “Domodedovo” hava limanları isə razılaşdırılmış rejimdə fəaliyyətini davam etdirir.

“Aeroflot” şirkəti də uçuş cədvəlinin dəyişdirildiyini və bir sıra reyslərin ləğv olunduğunu açıqlayıb.

Ukraynanın “Exilenova+” və “Supernova+” monitorinq kanalları Moskva vilayətinin müxtəlif şəhərləri üzərində uçan PUA-ların görüntülərini yayımlayıblar. Şahidlər həmçinin “Sadovod” bazarının yaxınlığındakı körpüdə mobil hava hücumundan müdafiə kompleksinin yerləşdirildiyini bildiriblər.

Qeyd olunur ki, iyunun 18-də baş vermiş hücumdan sonra həmin bazarın beşdə biri tamamilə yanıb. Hazırda ticarət kompleksi fəaliyyət göstərmir və ən azı çərşənbə gününədək bağlı qalacaq.

Bundan əvvəl Ukrayna qüvvələri Moskvaya iyunun 19-da kütləvi hücum həyata keçirmişdi. Həmin vaxt Sergey Sobyanin 76 PUA-nın vurulduğunu və itki və dağıntı olmadığını açıqlamışdı.

İyunun 18-də isə müharibə başlayandan bəri Rusiyanın paytaxtına ən böyük hücum baş vermiş, ümumilikdə 194 PUA məhv edilmişdi. Əsas zərbə Kapotnya rayonunda yerləşən Moskva neft emalı zavoduna dəyib və burada güclü yanğın baş verib.

Kotelnikidə 25 mərtəbəli yaşayış binası və “Belaya Daça” ticarət mərkəzi zərər görüb. Moskva səmasında qara tüstü sütunları müşahidə olunub, Moskva vilayətində isə sakinlər “neft yağışı”ndan şikayət ediblər.

Lyubertsı və Jeleznodorojni şəhərlərinin sakinləri yanıq qoxusunun hiss olunduğunu, avtomobillərin və pəncərəaltıların üzərində yağlı izlərin yarandığını bildiriblər. Moskva aviasiya qovşağında ümumilikdə 527 reys təxirə salınıb və ya ləğv edilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hücum nəticəsində 17 nəfər xəsarət alıb. Ramenskoye şəhərində baş vermiş yanğın nəticəsində isə 8 yaşlı qız həyatını itirib.

Moskva və vilayət sakinləri hava həyəcanı siqnallarının işə salınmamasından və sığınacaqlarla bağlı məlumat verilməməsindən narazılıqlarını ifadə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin