ABŞ nüvə raket bazalarının mühafizəsi üçün “Dronebuster Block 4” sistemləri alır

2026/06/Ekran-1782118780.jpg
Oxunub: 239     12:58     22 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri nüvə raket bazalarının mühafizəsi məqsədilə “Dronebuster Block 4” sistemlərinin alınmasına dair yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, “DZYNE Technologies” tərəfindən hazırlanan “Dronebuster Block 4” tüfəng formasında hazırlanmış, bir nəfər tərəfindən daşınıb istifadə edilə bilən radioelektron mübarizə sistemidir.

Sistem nəqliyyat vasitəsinə, generatora və ya sabit infrastruktura ehtiyac olmadan fəaliyyət göstərə bilir.

“Dronebuster” radiofrekans qarışdırma siqnalları və Qlobal Naviqasiya Peyk Sistemi (GNSS) bağlantılarını pozaraq kommersiya məqsədli Pilotsuz Uçuş Aparatlarının (PUA) uçuş imkanlarını məhdudlaşdırır.

Nəticədə hədəf alınan PUA ya təhlükəsiz eniş etməyə, ya da operatoruna geri qayıtmağa məcbur olur.

ABŞ Hərbi Hava Qüvvələrinin hazırladığı sənəddə sistemin “kommersiya bazarında mövcud olan PUA təhdidlərini aşkar etmək, qarışdırmaq və zərərsizləşdirmək” imkanına malik olduğu vurğulanıb.

Sənəddə həmçinin qeyd olunur ki, “Dronebuster” ABŞ Müharibə Nazirliyi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş yeganə daşınan elektron hücum sistemidir.

Bu səbəbdən Hərbi Hava Qüvvələri açıq tender əvəzinə birbaşa istehsalçı əsasında satınalma prosedurunu tətbiq edə biləcək.

Müqavilədə yalnız “DZYNE Technologies” şirkətinin səlahiyyətli distribyutorlarının iştirak etməsinə icazə veriləcək.

Şirkətin məlumatına görə, “Dronebuster” sistemi ABŞ Silahlı Qüvvələrinin müxtəlif bölmələrində geniş istifadə olunur.

Sistem xüsusilə nüvə obyektlərinin, irəli əməliyyat bazalarının və kritik infrastrukturun mühafizəsində tətbiq edilir.

Bildirilir ki, Ukrayna müharibəsi ucuz kommersiya PUA-larının döyüş meydanında yaratdığı təhlükəni açıq şəkildə nümayiş etdirib və bu, ABŞ və NATO ölkələrində antidron sistemlərinin alınmasını sürətləndirib.

Qeyd olunur ki, satınalma ABŞ Hərbi Hava Qüvvələrinin nüvə bombardmançı təyyarələrinə və raket qüvvələrinə cavabdeh olan Qlobal Zərbə Komandanlığı (AFGSC) çərçivəsində həyata keçiriləcək.

Komandanlıq B-52 və B-2 bombardmançı təyyarələri ilə yanaşı, “Minuteman III” qitələrarası ballistik raketlərini də idarə edir.

91-ci Təhlükəsizlik Qüvvələri Qrupunun yeni “Dronebuster” sistemlərini baza müdafiəsi, təhlükəsizlik bölmələrinin hərəkət qabiliyyətinin artırılması və piyada bölmələrinin əməliyyatlarında istifadə etməsi planlaşdırılır.

Bu addımın antidron müdafiə imkanlarını yalnız sabit obyektlərin qorunması ilə məhdudlaşdırmayaraq daha geniş əməliyyat sahələrinə yayacağı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Dronebuster-Block-4  


Bizi "telegram"da izləyin