Ordu.az xəbər verir ki, bunu İran parlamentinin keçmiş deputatı Karen Xanlaryan deyib.
Xanlaryanın sözlərinə görə, ABŞ-İran münasibətlərində hər zaman iki əsas maneə mövcud olub, bunlardan biri Vaşinqtonun maksimalist tələbləri, digəri isə İsrail faktorudur.
O bildirib ki, İsrail təkcə ABŞ-İran münasibətlərində deyil, ümumilikdə regionda sülh və sabitlik proseslərinə mane olmağa çalışır.
Keçmiş erməni deputat qeyd edib ki, hazırkı razılaşma daha çox tərəflərin danışıqları davam etdirmək niyyətini əks etdirən qarşılıqlı anlaşma aktıdır və hələ də kifayət qədər kövrək görünür.
Xanlaryan İranın nüvə proqramı ilə bağlı iddialara da toxunaraq vurğulayıb ki, Tehranın nüvə proqramı dinc məqsədlər daşıyır və enerji ehtiyaclarının təmin edilməsinə yönəlib.
“İranın nüvə silahı əldə etmək niyyəti barədə fikirlər uzun illərdir İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən gündəmdə saxlanılır. Danışıqların dərinləşməsi ABŞ-də İranın nüvə silahı əldə etmək niyyətində olmadığı barədə qənaəti gücləndirir”, - deyə Xanlaryan qeyd edib.
O əlavə edib ki, İranın ali dini rəhbərləri tərəfindən nüvə və kimyəvi silahların istehsalını qadağan edən fətvalar verilib və bu qərarlar ölkə üçün fundamental əhəmiyyət daşıyır.
Keçmiş erməni deputatın fikrincə, gələcək mərhələdə ballistik raketlər və İranın regional tərəfdaş qüvvələri ilə bağlı məsələlər də müzakirə olunacaq.
TRIPP layihəsinə toxunan Xanlaryan bildirib ki, bu layihə artıq indi də qeyri-müəyyən vəziyyətdədir və ABŞ-İran münasibətlərində mümkün irəliləyiş onun perspektivlərinə təsir göstərə bilər.
O, TRIPP layihəsini İran-Ermənistan münasibətləri baxımından ciddi maneələrdən biri hesab etdiyini vurğulayıb.
“Ümid edirəm ki, proseslər elə inkişaf etməyəcək ki, bu layihə İran-Ermənistan münasibətlərinə zərər vursun və iki qonşu ölkə strateji tərəfdaşlığın əsaslarını formalaşdıra bilsin”, - deyə Xanlaryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az